“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 31-ci nömrəsi nəşr olunub FOTOLAR

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 31-ci nömrəsi işıq üzü görüb.

“Azər-İlmə” Xalçaçılıq Mərkəzindən SİA-ya bildirilib ki, sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda Azərbaycan, ingilis və rus dillərində tarixi-etnoqrafik oçerklər, elmi məqalələr, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin gündəliyi yer alıb.

Jurnalın bu nömrəsində professor Vidadi Muradovun “Qalacıq və qalacıqlılar”, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin “Şahdağ xalqlarının müasir etnomədəni proseslərinə dair”, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazovun “Dağlara sığınan qala - Pirasora” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), professor Camal Mustafayevin “XIX əsrin sonları–XX əsrin əvvəllərində Azərbaycanda xalça məmulatı istehsalı”, Telman Musayevin “XIX əsr-XX əsrin əvvəllərində Qarabağ bölgəsində xalça məmulatı istehsalı” (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və s. kimi materiallar dərc olunub.

Jurnalın baş redaktoru AMEA-ın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...