Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülmüş incəsənət nümayəndələrinə fəxri adların vəsiqələri təqdim edilib.

SİA-nın məlumatına görə, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.

Nazir bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir: "Bu gün ölkəmizin mədəniyyət həyatında böyük işlər görülür. Bu sahədə çalışan insanlar öz üzərlərinə düşən işi daha yaxşı yerinə yetirməyə çalışırlar. Mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bu sahədə yeni istedadlı nəsil yetişir. Bu gün ölkəmizdə Mədəniyyət Nazirliyinin tabeliyində 70 minədək mədəniyyət və incəsənət xadimi çalışır. Ümumilikdə ölkəmizdə 800 minədək insan yaradıcılığın müxtəlif sahəsində fəaliyyət göstərir. Mədəniyyət Nazirliyinin qarşısında duran əsas vəzifələrdən biri də yaradıcılıq sahəsini inkişaf etdirməkdir. Dünyada yaradıcılıq sahəsi bir çox iş yerlərini formalaşdıran sənaye hesab edilir. Onların məhsulu cəmiyyət və insanlar tərəfindən qəbul olunur, bir növ gəlir mənbəyi funksiyasını yerinə yetir. Mədəniyyət sahəsində dövlətimizin başçısı tərəfindən kimlər mükafatlandırlırsa əlbəttə, onlar çalışdığı sahələrdə etimadı doğruldan insalardır”.

Nazir qeyd edib ki, təqdimat mərasiminin 18 oktyabr -Azərbaycanın Dövlət Müstəqilliyi Günü ərəfəsində keçirilməsi ikiqat bayram ovqatı yaradır.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”, “Dövlət qulluğunda fərqlənmə” və “Tərəqqi” medalları ilə təltif edilmiş, habelə “Xalq artisti”, “Əməkdar mədəniyyət işçisi”, “Əməkdar artist”, “Əməkdar incəsənət xadimi”, “Əməkdar müəllim” fəxri adlarına layiq görülmüş şəxslərə mükafatların vəsiqə və medalları təqdim olunub.

Təltif edilənlər onlar üçün ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar. Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olunub.

Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...