“Solistlər ansamblı”nın müasir musiqidən ibarət konserti maraqla qarşılanıb

Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin “Solistlər ansamblı”nın konserti keçirilib. SİA-nın məlumaına görə, konsertə dirijorların Y.Svetlanov adına beynəlxalq müsabiqəsinin laureatı Fuad İbrahimov rəhbərlik edib.

Çox rahat, fərqli və qeyri-adi ab-havada keçən ikihissəli konsert proqramında solistlər Fəridə Məmmədova (soprano), Anar Məmmədov (klarnet), Ucal Məmmədxanın (zərb alətləri) çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Müasir musiqidən ibarət repertuar, istedadlı dirijor Fuad İbrahimovun özünəməxsus dəst-xətti, solistlərin peşəkar ifaları konsert boyu zalın hədsiz səhnəyə diqqət kəsilməsinə səbəb olub. Hər bir not, hər bir səs dinləyicilər tərəfindən xüsusi maraqla dinlənilib.

Konsertin ilk olaraq italyan bəstəkarı S.Sciarrinonun “Şüşə arxasında səslər” əsəri səslənib. Soprano və instrumental ansambl üçün yazılmış əsər elə ilk anlardan bir klassika əhvalı yaradıb. Daha sonra Ayaz Qəmbərlinin “Hisslər üzərində özünütəlim metodu”, Luciano Berionun “O king” əsərləri təqdim olunub.

Qeyd edək ki, bəstəkar, Prezident mükafatçısı A.Qəmbərlinin adıçəkilən əsəri 2011-ci ildə Amerikanın Boston şəhərində keçirilən bəstəkarların 29-cu “Alea” III Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb.

Gecədə müasir musiqiyə xarakterik avanqard axtarışlar, akustik mühit və musiqi toxunuşları, sözün əsl mənasında, dinləyicilərə böyük zövq yaşadıb. Əsərlərin ardıcıllığı uyğunluqla seçildiyindən konsert boyunca ifaçıların asta və sürətli səsləndirmələri dinləyicilərə musiqinin templərini tam olaraq qavramaq imkanı yaradır və onları yormurdu.

Gecədə diqqətçəkən əsərlərdən biri də Alban Bergin “Wozzeck” operasından Mariyanın laylayı olub. Əsəri ansambl üçün Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Fərəc Qarayev işləyib. Avstriya bəstəkarının bu ekspressionist operası XX əsr yeni Vyana məktəbinin şah əsərlərindən biri sayılır. Musiqi, poetiklik və ansambl üçün işlənmiş müfəssəl variant alqışlarla qarşılanıb.

Konsertin ikinci hissəsi də maraqlı anlarla yaddaşlarda qalıb. Fransız bəstəkarı Georges Aperghisin “Yeddi sevginin cinayəti”, Xəyyam Mirzəzadənin “Biz səni xatırlayırıq, Çarles!”, Andrey Volkonskinin “Şazanın şikayətləri”, Louis Andriessenin “Gümüş”, Aleksandr Vustinin ”10 üçün musiqi” əsərləri müasir musiqini sevənlər üçün əsl hədiyyə idi. Konsert proqramı sənətin spesifik tərəflərinə ciddi rakursdan baxış imkanı yaratdı. Kiçik pauzalar, fraqmentlər və ifalardakı özünəməxsusluq çoxrəngli səs nöqtələrinin cazibəsində fərqli dərinlikləri hiss etdirə bilib.

Qeyd edək ki, oktyabrın 29-da P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının S.Raxmaninov zalında “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsindən yekun konsert keçiriləcək. Konsertdə iştirak edəcək “Solistlər ansamblı” proqramı bütünlüklə müasir musiqidən ibarət olacaq. Proqrama Fərəc Qarayev, Alban Berq, Ayaz Qəmbərli, Xəyyam Mirzəzadə və digər bəstəkarların əsərləri daxildir. Musiqi gecəsinin aparıcısı sənətşünaslıq doktoru, Müasir Musiqi Assosiasiyasının aparıcı eksperti Rauf Məmmədov olacaq.

Onu da xatırladaq ki, “Azərbaycanlı ifaçılar Moskva Konservatoriyasının kamera zallarında” silsiləsinə daxil olan altı konsert çərçivəsində pianoçular Ülviyyə Hacıbəyova və Gülşən Ənnağıyeva, skripkaçılar Osman Eyyublu və Elvin Xoca Qəniyev, habelə digər azərbaycanlı ifaçılar çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə