M.A.P. festivalında “Universal hadisə” FOTOLAR

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçirilən M.A.P. (Musiqi. Sənət. Performans) festivalı çərçivəsində YARAT Mərkəzində Devid Espinoza Kukla Teatrının (İspaniya) təqdimatında “Universal hadisə” tamaşası nümayiş olunub. SİA-nın məlumatına görə, hər şey əslində sadədir: dördbucaq örtük üzərində, məhdud çərçivənin içində yuvarlaq olan dünya, daha doğrusu, o dünyanın başına gətirilən oyunlar göstərilir. Fərqli predmetlər bizə hələ bəşər sivilizasiyasının o tayından boylanır.

Çiy ət yeyən adamdan müasir güc göstəricisi superqəhrəmanlar və onları icad edən super dövlətlər, hökm və hakimlər, demokratiya, bəşəri dəyərlər, sülh və azadlıqları rəmzləşdirən atribut və onları usta saxtakarlıqla insanların beyninə, həyatına və hələ də dağıla bilməyən dünyaya pərçim edənlər proses olaraq göstərilir. Və sən də böyük led işıqlar, dinamikasını ən minimalistcəsinə icra edən aktyor və onu müşayiət edən OM səs-avazının müşayiətində izləyirsən. Beləcə gözünün qarşısında dünyanın elədən-belə çevrilməsinə heyrətlənirsən...

Səhnə performansı haqqında qısa annotasiyaya nəzər salaq. Obyektlərin hekayə elementi kimi tədqiqi nəticələrinə əsaslanaraq, bu tamaşanın müəllifləri dünya tarixini öz nöqteyi-nəzərlərindən göstərməyə çalışıb, bəşəriyyətin inkişafını təşkil edən bəzi hadisələr üzrə audiovizual səyahət yaradıblar. Müəlliflər obyektlərin manipulyasiyası, xoreoqrafik hərəkətlər və işıq proyeksiyalarının vəhdəti nəticəsində qısa hekayə şəklində unikal bir tarix dərsi yaradıblar.

Haqlıdırlar, “Universal hadisə”nin yaradıcı beyinləri – ideya və həll müəllifi olan Devid Espinoza və onun məhdud çevrəsindəkilər – dünyanı real teatr səhnəsi kimi göstərmək istəyərkən bizə həm sadə sənət həqiqətini, həm də mürəkkəb həyat gerçəyini anladıblar.

Ümumiyyətlə, 42 yaşlı aktyor-rejissor Devid Espinoza bu səhnə interpretasiyasını təhlil edərkən deyir ki “Təsiredici bir element kimi obyektlə sınaq keçirməyə davam edərək, bəşəriyyətin inkişafını təşkil edən bəzi hadisələrin audio-vizual turunu yaradaraq öz nöqteyi-nəzərimizdən bir teatr, daha doğrusu, universal tarix yaratmağa çalışdıq. Bu bənzərsiz bir hekayə növü, qısa və yarımçıq bir nəqldir. Niyə yarımçıq, çünki dünya və insan hələ də var və yaşadıqca o dünyanı öz bildiyi kimi fırladır. Həm də dünyanın nə istədiyini vecinə almadan”.

Nəzərinizə çatdıraq ki, Devid Espinozanın işi teatr hədləri haqqında bir araşdırma aparmaq və "səhnə tənliyi"nin elementlərini idarə etmək fikrini şübhə altına almaqdır. Adam cəsarətlidir, deyilmi? O, cəmiyyət və sənət dünyası ilə bağlı tənqidi bir ruhu saxlayaraq, hər yaradıcılığında tamaşaçıları təəccübləndirən vizual sənət, rəqs və teatrın vəhdətində bir oyun hazırlamağa çalışır. Forma, işıq və səs arasındakı əlaqə vasitəsilə məna yaratmağa çalışan aktyor təhlükəli metodlar və "aşağı texnologiya" ilə teatrallığa yüklənmiş mürəkkəb effektlər yaradan performans konsepsiyasını təklif edən qurğulara da əl atır ki, çağdaş tamaşaçının diqqətini bu sənət hiyləsi ilə cəlb etmək daha ağıllı addımdır.

Qəhrəmanımız Devid Espinozanın bu və daha öncəki illərdə ərsəyə gətirdiyi teatr nümunələri dəfələrlə beynəlxalq teatr və sənət festivallarında maraqla qarşılanıb və mükafatlara layiq görülüb. Sadə, daha çox mətləbə ilk baxışdan dəxli olmayan, bir növ, adda-budda səpələnmiş əşyaların kontrastından fikir formalaşdırmağa çalışan postmodernist müəllifin bizim üçün ənənəvi olmayan səhnə cəhdi maraqlı olduğu qədər də gerçəkçi idi...

Bütün xəbərlər Facebook səhifəmizdə