Macarıstanda keçirilən tədbirdə Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti iştirak edib FOTOLAR

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti məktəbin direktoru Əziz Qarayusiflinin rəhbərliyi ilə Macarıstan Respublikasının Budapeşt şəhərində Boçkay İstvan İslahatlar Təhsil Mərkəzinin direktoru Papp Kornelin dəvəti ilə məktəbin 20 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdən öncə Slovakiya, Çexiya, Polşa, Rumıniya, Macarıstan, Rusiya və Azərbaycan Respublikasının nümayəndə heyətlərinin iştirakı ilə müxtəlif məzmunlu görüşlər keçirilib. Belə ki, İslahatlar Təhsil Mərkəzinin rəhbəri Papp Kornel, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov və Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru Əziz Qarayusifli iştirakı ilə keçirilən işgüzar görüşdə hər üç ölkənin musiqi və incəsənət sahəsində təhsil sistemlərinin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi haqqında müzakirələr edilib. Bir neçə müştərək festival və müsabiqələrin keçirilməsi haqqında danışıqlar aparılıb. Rusiya, Macarıstan və Azərbaycan ölkələri arasında “Günəşə doğru” adlı yeni müsabiqənin keçirilməsi üçün razılıq əldə edilib.

Tədbir çərçivəsində musiqi alətləri emalatxanası haqqında söhbətlər aparılıb, simli və nəfəs alətlərinin düzəldilməsi işində Macarıstanın qədim və böyük təcrübəyə malik olduğu vurğulanıb. Daha sonra Mərkəzi İncəsənət Məktəbinin emalatxanasında çalışan usta Oqtay Hüseynovun istehsal etdiyi violin aləti qonaqlara təqdim edilib, alət peşəkarlar və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Budapeşt Musiqi Kollecinin Böyük zalında keçirilən konsertdə Əməkdar artist Əziz Qarayusifli, Budapeşt konservatoriyasının professoru klarnet ifaçısı İstvan Varqa ilə birlikdə çıxış ediblər. Həmçinin tədbirdə Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin təqdim etdiyi musiqi nömrələri alqışlarla qarşılanıb.

Həmçinin Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin violin üçün Sonatası (4 hissə) Budapeşt konservatoriyasının professoru, tanınmış violin ifaçısı Andrea Şuster və konsertmeyster Tatyana Qarayusifli tərəfindən məharətlə ifa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə