Kukla Teatrında ustad dərsləri davam edir

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında növbəti dəfə başladılan ustad dərsləri davam edir. SİA-nın məlumatına görə, bu dəfə teatrın truppasına daxil edilən gənc aktyorlara kukla oynatma sənəti, fərqli texnikalarla hazırlanmış kukla nümunələrini obraza çevirmənin incəlikləri öyrədilir. Bundan başqa, aktyorlara səs, ifadə, hərəkət üzrə təlimlər də keçilir.

Sistemli şəkildə davam edən dərsləri tanınmış teatr rejissoru və aktyoru, uzun illər (1987-1993) Dövlət Kukla Teatrının baş rejissoru olmuş Namiq Ağayev aparır.

Bu dərslərin təşkilində məqsəd incəsənət profilli ali və orta ixtisas təhsilli məktəblərimizdə kukla teatrı aktyorluğu, kuklaçılıq və ümumilikdə kukla sənətinin oyun və texniki tərəflərinin öyrədilməməsi baxımından yarana biləcək çatışmazlıqları aradan qaldırmaqdır. Dərslər müddətində rejissorun aktyorlarla oyun-tamaşa, praktiki materiallarla işləmə vərdişləri də təkmilləşdirilir.

Qeyd edək ki, teatrın təşkil etdiyi bu dərslərdə digər kukla teatrı aktyorları, həmçinin bu sahəyə maraq göstərən şəxslərin iştirakı sərbəstdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...