“Şəddə” xovsuz xalçasının kəsilmə mərasimini keçirib FOTOLAR

“Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Qarabağdan olan məcburi köçkün qadınlara xalçaçılıq kurslarının təşkili” layihəsi çərçivəsində toxunmuş “Şəddə” xovsuz xalçasının kəsilmə mərasimini keçirib. SİA-nın məlumatına görə, tədbirdə İctimai Birliyin üzvləri, kurs iştirakçıları və şəhərimizin qonaqları iştirak ediblər.

Qalereyada qonaqları qarşılayan “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva onlara layihə haqqında qısa məlumat verib. Qonaqlar həmçinin qalereyanın ekspozisiyasını bəzəyən xalçalarla tanış olublar. Daha sonra Röya Tağıyeva hamını hananın ətrafına ətrafında toplaşaraq xalça kəsimi ayininə tamaşa etməyə dəvət edib. Qalereyanın alt mərtəbəsinə enən qonaqlar xalçalı dünyaya yeni rəng qatan, hələ hana üzərində diqqəti özünə cəlb edən “Şəddə”ni seyr ediblər. Elə bu zaman “Mirzəyi-Vağzalı” havasının sədaları altında mərasimə xalça kəsimi ənənəsinə uyğun olaraq şirni xonçası gətirilib. İctimai Birliyin fəallarından biri, M.S.Ordubadinin Ev Muzeyinin baş mühafizi, xoreoqraf Rasimə Əhmədova xonçanı təqdim edib, “Uzundərə” rəqsi ilə tamaşaçıları salamlayıb.

Tədbir R.Tağıyevanın “Şəddə” xovsuz xalçasının tarixi, onun bədii xüsusiyyətləri və etnoqrafik mahiyyəti haqqında çıxışı ilə davam edib. Qarabağ xalça məktəbinin qədim nümunələrindən olan “Şəddə” xovsuz xalçasının özünəməxsus xüsusiyyətinin bilavasitə insanın yaranış, inkişaf və cismani dünyanı tərk etsə də əbədiliyə aparan yolu təcəssüm etdirdiyini və bunun bütün türk xalqlarının ortaq mədəniyyətinə xas nümunə olmasını diqqətə çatdıraraq, həyatın hər dövrünə uyğun “Şəddə” növünün olmasını diqqətə çatdırıb. İctimai Birliyin sədri həmçinin “Şəddə”ni toxuyan kurs iştirakçılarını da qonaqlara təqdim edərək onları dəzgah önünə keçib xalçanı kəsməyə dəvət edib.

Tədbirdə “Tərəqqi” medalına layiq görülmüş xalçaçı Siyasət Məmmədova Röya Tağıyevanın şəxsində kursların təşkilatçılarına təşəkkürünü bildirib, yeni xalçanın kəsilməsi ilə bağlı ağbirçək xeyir-duasını verib. Beləliklə, xalçaçılardan Siyasət Məmmədova, Məsumə Xəlilova, Lamiyə Pirverdili və Sevda Məmmədova xalçanı kəsərək hanadan ayırıblar.

Sonra “Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin katibi Gülşən Hüseynova xalça kəsimi ilə bağlı adətləri xatırladaraq, qonaqlara kücü ipi ilə niyyət tutmaq və yenicə kəsilmiş xalçanı yerə sərib subay qızı və ya balaca oğlan uşağını onun üzərinə otuzdurmaq kimi mərasim ayinlərindən söz açıb. İştirakçılardan bəziləri, xüsusilə əcnəbi qonaqlar kücü ipi ayinini böyük maraqla icra edib, ipi məmnuniyyətlə tədbirdən yadigar kimi özləri ilə götürüblər. Tədbirə dəvət olunmuşlar sırasından gənc xanımla balaca oğlan isə “Şəddə” üzərində oyuraraq, sanki sehrli xalça ilə arzular dünyasına varıblar.

Xalça kəsimi mərasiminin yekununda kurs iştirakçısı Kəmalə Musazadənin Qarabağ şikəstəsini bədahətən oxuması və dahi xanəndə Xan Şuşinskinin ifasında “Şuşanın dağları” mahnısının sədaları altında Rasimə Əhmədovanın rəqslə şirnini paylaması tədbirə xüsusi bir kövrəklik qatıb.

Qarabağ niyyətli, Şuşa ruhlu tədbirdə xalça yerə sərilən zaman gözlərdəki işıq, kədərlə sevincin bir-birinə qarışması hamının qəlbindən keçib dilə gətirdiyi bir arzunun nişanəsinə çevrilib: “Gün o gün olsun ki, Qarabağ xalça məktəbinin bu incilərini Şuşada, öz vətənində toxuyub, Cıdır düzünə sərmək qismətimiz olsun”.

2011-ci ildən fəaliyyət göstərən “Azərbaycan xalçaçıları” İctimai Birliyi Azərbaycan xalçaçılıq sənətinin öyrənilməsi, ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi ilə yanaşı, xalça sənətimizin beynəlxalq miqyasda tanıdılması istiqamətində geniş fəaliyyət göstərməkdədir. UNESCO-nun üzvü olan İctimai Birlik fəaliyyəti boyu Qarabağ həqiqətləri, bölgənin xalçaçılıq sənəti ilə bağlı davamlı layihələr gerçəkləşdirməkdədir. Bu layihənin yekununda kurs iştirakçılarının əl işlərindən ibarət sərginin açılması və texnologiyaları bərpa edilmiş iki xalçanın – “Şəddə” və “Dəstərxan” xovsuz xalçalarının bərpa edilərək Qarabağdan olan, hazırda qaçqın düşmüş muzeylərdən birinə hədiyyə edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə