“II Azərbaycan Xalq Mahnıları” festivalı növbəti gününə yekun vurulub VİDEO + FOTOLAR

“II Azərbaycan Xalq Mahnıları” festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının direktoru, festivalın bədii rəhbəri, Əməkdar artist Ramil Qasımovun Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, Orxan Həşimovun dirijorluğu ilə keçən konserti baş tutub. SİA-nın məlumatına görə, konsertdə öncə zövqlə seçilmiş Azərbaycan xalq mahnıları yeni oranjemanda,tamaşaçılar tərəfindən böyük şövq və istiqanlıqla qarşılanıb.

Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova açıq elan edərək festivalın keçirilmə təşəbbüsünü yüksək qiymətləndirib. O, həmçinin Azərbaycan xalq mahnılarının qədim dövrdən bu günə qədər qorunaraq, dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığından başlayaraq bütün bəstəkarlarımızın dönə-dönə müraciət etdiyi xəzinə olduğunu qeyd edib.

Daha sonra tamaşaçılara həmin gecə boyunca çox gözəl hisslər aşılamağı bacaran Əməkdar artist Ramil Qasımov dövlət qayğısının, diqqətinin nəticəsi olaraq bu cür tədbirlərin keçirilməsinin çox mühüm əhəmiyyətindən danışıb.

Konsertin dinamik repertuarında daha bir maraqlı məqam yaşanıb. Belə ki, Əməkdar artist Ramil Qasımov dirijor pultu arxasında çıxış edib. O, Niyazinin “Rast” simfonik muğamından bir fraqmenti öz təfsirində tamaşaçılara təqdim edərək gurultulu alqışlarla qiymətləndirilib. Bugünki konsert öz anşlaqla keçən alqışları, “bravo”ları ilə yaddaşlara həkk olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə