Milli tikmə sənəti üzrə ustad dərsləri keçirilib FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində dağıstanlı ustaların əl işlərindən ibarət sərgi və milli tikmə sənəti üzrə ustad dərsləri keçirilib. SİA-nın məlumatına görə, tədbir Rusiya və Azərbaycanın Mədəniyyət nazirliklərinin birgə təşəbbüsü ilə reallaşan "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda platforma çərçivəsində təşkil olunub.

Qonaqlar zəngin sənətkarlıq sərgisi ilə maraqla tanış olublar. Ustad dərslərindən sonra Rusiyadan gəlmiş folklor kollektivlərinin ifasında konsert proqramı təqdim edilib.

Konsertdə Başqırdıstanın Fayzi Qaskarov adına Dövlət Akademik Milli Rəqs Ansamblı, Komi Respublikasının “Qızıl əllər” ansamblı, Tambov vilayətinin “Domino” rəqs qrupu və Kemerovo şəhərindən Çıltıs Tannaqaşevanın xor kollektivi çıxış edib.

Kollektivlər dünya şöhrətli Azərbaycan müğənniləri, SSRİ xalq artistləri Rəşid Behbudov və Müslüm Maqomayevin repertuarından əsərləri səsləndiriblər. Bir-birindən maraqlı, rəngarəng ifalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Müxtəlif xalqların bir səhnədə təqdim etdiyi konsert proqramı bir daha sübut edib ki, multikultural dəyərlər dostluğa, qardaşlığa xidmət edir.

Konsertin sonunda ifaçılar səmimi qarşılanmaya görə Azərbaycan tamaşaçılarına minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə