“Rusiya ilə Azərbaycan arasındakı mədəni körpülər dialoq üçün bir nümunədir” FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə reallaşıb.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva tədbiri açaraq bildirib ki, Rusiya ilə Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində səmərəli əməkdaşlıq inkişaf edir: “Bu əməkdaşlıq əlaqələrinin əsasını 6 iyun 1995-ci ildə iki ölkə arasında imzalanan mədəniyyət və elmi sahələrində əməkdaşlığa dair saziş təşkil edir. Bundan əlavə, 2 dekabr 2016-cı ildə Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün “Mədəni əməkdaşlıq proqramı” imzalanıb. Onu da qeyd edim ki, 2012-ci ildən etibarən Sankt-Peterburqda keçirilən Beynəlxalq Mədəniyyət Forumunda ənənəvi olaraq ölkəmiz də təmsil olunur. 2018-ci ildə gerçəkləşən növbəti forumda Azərbaycana fəxri qonaq ölkə statusu verildi və biz bu statusla 2020-ci ildə forumda iştirak edəcəyik. Rusiya ilə Azərbaycan arasındakı mədəni körpülər mədəniyyətlərarası dialoq üçün bir nümunə və əsasdır”.

Prezidenti İlham Əliyev oktyabrın 2-3-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak etdiyini deyən Sevda Məmmədəliyeva bildirdi ki, ölkəmizin başçısının beynəlxalq münasibətlərin aktual problemlərinin müzakirə olunduğu bu sessiya da dərin məzmunlu çıxışı geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Nazir müavini diqqətə çatdırıb ki, Qafqaz ta qədimdən dünyanın çoxmillətli bölgələrindən biri olub. Azərbaycan da müxtəlif azsaylı xalqların nümayəndələri yaşayır. Bu etnik qruplar Azərbaycan xalqı mehriban şəraitdə yaşayırlar. Bu xalqlar doğma dillərindən istifadə edir, maddi və mənəvi mədəniyyətlərini, dinlərini və adət-ənənələrini qoruyur, milli-mədəni cəmiyyətlər, dərnəklər yaradaraq ölkəmizin həyatında fəal iştirak edirlər. Bu tolerantlıq nümunəsi tarixən digər xalqların və dinlərin mədəni-mənəvi dəyərlərinə hörmət edən, sülh və mehriban qonşuluq arzusunda olan azərbaycanlıların həyat tərzinin əsas hissəsini təşkil edir. 2006-cı ildən bəri hər 2 ildən bir Bakıda azsaylı xalqların mədəni irsinin təbliği məqsədilə festivallar təşkil olunur.

Qeyd olunub ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyada mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Eyni zamanda bu mütərəqqi siyasət nəticəsində xalqımızın çoxəsrlik tolerantlıq və mehriban qonşuluq mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında örnək qəbul edilir. 2008-ci ildə dövlət başçısı tərəfindən elan olunan "Bakı Prosesi" artıq mədəniyyətlərarası dialoqa dair aparıcı platforma hesab olunur. Ölkəmizdə ənənəvi olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu keçirilir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi bu sahədə ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir.

Nazir müavini çıxışının sonunda "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" tədbirinin multikultural dəyərlərin təbliğinə öz töhfəsini verəcəyini deyib.

Tədbir Rusiya Federasiyası Mədəniyyət nazirinin müşaviri Mixail Kojemyakinin moderatorluğu ilə davam edib. Müzakirələrdə Rusiyanın Milliyyət İşləri üzrə Federal Agentlik İdarəsinin rəisi A.O.Bulatov, Komi Respublikasının Mədəniyyət, Turizm və Arxiv İşləri naziri S.V.Yemelyanov, Tatarıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini Y.İ.Adqamova, Dağıstan Respublikasının Xalq Yaradıcılıq Evinin direktoru M.V.Muqatova, Başqırdıstan Respublikası Mədəniyyət nazirinin birinci müavini N.M.Lapşına çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, milli mədəniyyətdə ənənəvi, xalq-etnoqrafik amilləri böyük əhəmiyyət kəsb edir. Ənənəvi mədəniyyətdən danışarkən özümüzdən uzaqlaşa bilmədiyimiz kimi, “tarixi yaddaş” anlayışını da diqqətdən kənarda saxlaya bilmərik. Bu geniş konsepsiyaya müxtəlif ənənələr, milli xüsusiyyətlər, mənəvi nizam, mərasimlər, bayramlar, geyimlər, sənətkarlıq növləri daxildir. Xalqlar arasında bu kontekstdə körpü yaratmalı, tolerantlığı qorumaqla sülh və qarşılıqlı anlayışa nail olmalıyıq.

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə