Beynəlxalq Muğam Mərkəzində möhtəşəm təqdimat

Beynəlxalq Muğam Mərkəzində “Kreativ Azərbaycan: Yaradıcı məhsulların “Azexport” portalı vasitəsilə ixrac imkanları” mövzusunda təqdimat olub. SİA-nın məlumatına görə, təqdimat Mədəniyyət Nazirliyi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Təqdimatda məqsəd “Azexport” portalının Azərbaycanın yaradıcı məhsulların xarici bazarlara beynəlxalq elektron ticarət platformaları vasitəsilə ixrac imkanlarının genişləndirilməsinin növbəti mərhələsinə start verməsidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir. YMS iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Azərbaycanda YMS-lər ənənəvi olaraq müxtəlif formalarda mövcuddur. Bura həm qədim sənətkarlıq növləri, həm dərin musiqi ənənələri, həm də ədəbiyyat, film, rəssamlıq, foto və digər sahələr daxildir. Azərbaycan xalqı yaradıcı və inkişafa meyilli xalq olduğundan YMS-lər həmişə ictimai həyatda mərkəzi rol oynayıb.

Sonra Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə portalla əməkdaşlığın ölkəmizin yaradıcı və mədəniyyət sənayelərində məhsul və xidmətlərin istehsalını həyata keçirən aparıcı subyektlərin - özəl şirkətlərin, fərdi sahibkarların və müəlliflərin də marağında olduğunu bildirib.

Sonra "Azexport" portalının tanıtım çarxı, Prezident İlham Əliyevin portal haqqında fikirlərinin əks olunduğu videoçarx nümayiş olunub.

"Azexport" portalının rəhbəri Zaur Qardaşov portalın imkanlarına dair təqdimatla çıxış edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və portalın ulduz səfiri, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova çıxış edərək "Azexport" barədə fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə