Musiqili Teatrın yaradıcı kollektivi daha bir beynəlxalq festivalda

Oktyabrın 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi daha bir Beynəlxalq tədbirdə – Albaniyanın Elbasan şəhərində keçiriləcək XXI ənənəvi “Skampa -2019” Beynəlxalq Müasir Teatr Festivalında iştirak üçün bu ölkəyə yola düşüb. Teatrdan SİA-ya verilən xəbərə görə, albaniyalı rejissor Adonis Filipinin bədii rəhbərliyi ilə ərsəyə gələn festival çərçivəsində müxtəlif seminarlar, tamaşaların təqdimatı, konsertlər, sərgilər, görüşlərin təşkili, habelə mədəniyyətlərarası dialoqun qurulması, beynəlxalq səhnə təcrübələrinin qarşılıqlı mübadilə ilə bağlı geniş müzakirələr aparılacaq.

Albaniya ilə yanaşı, ABŞ, İtaliya, Rumıniya, Polşa, Macarıstan, Kosova, Şimali Makedoniya və dünyanın bir çox müxtəlif nüfuzlu teatrlarının qatıldığı bu ənənəvi festivalda ölkəmizi Akademik Musiqili Teatr təmsil edəcək.

Festivalda sənət ocağının kollektivi tərəfindən Samuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını göstəriləcək.

Xalq artisti, professor Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən bu əsər ötən mövsümdən teatrın repertuarına daxil olub.

Tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər.

Bundan başqa, tamaşa dekabr ayında İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək ikinci Alef Beynəlxalq Teatr Festivalına da dəvət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...