Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir

Naxçıvan Muxtar Respublikasında milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Son illərdə bu sahədə görülən işlərin miqyası xüsusilə genişlənib, muxtar respublikada 20-dən çox musiqi məktəbi inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib.

SİA xəbər verir ki, 18 sentyabr – Milli Musiqi Günü münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə bu barədə danışılıb.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr tarixinin ölkədə Milli Musiqi Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb və həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Nazir bu münasibətlə bütün tədbir iştirakçılarını və musiqi ictimaiyyətini təbrik edib.

Bildirilib ki, Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Xalqımız tarixən sahib olduğu zəngin dövlətçilik ənənələrini məhz milli mədəniyyət nümunələri sayəsində formalaşdırıb.

Qədim diyarımızın Azərbaycanın yüksək inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri kimi tanınmasından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən bəhs edən nazir vurğulayıb ki, son illər Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni musiqi məktəbləri inşa olunaraq istifadəyə verilib, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilib, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının, Aşıqlar Birliyinin fəaliyyəti üçün yüksək iş şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Musiqi Kollecinin 40 illik, Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileylərinin yüksək səviyyədə qeyd olunması muxtar diyarda musiqi sənətinin inkişafına, eləcə də milli musiqimizin təbliğinə böyük töhfə kimi qiymətləndirilib.

Vurğulanıb ki, balaca istedadların üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mühüm rolu olub. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın fəaliyyətə başlaması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılıb, Azərbaycan xalqının qədim mədəni irsini yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri təbliğ olunmağa başlanıb.

Natəvan Qədimova deyib: “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin yallı sənəti ilə bağlı tədqiqatlar aparması, görülən tədbirlər nəticəsində “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına qədim musiqi alətlərinin hədiyyə edilməsi doğma diyarımızda musiqi irsimizin yaşadılmasına, təbliğinə və inkişafına dövlət qayğısının bariz ifadəsidir”.

Diqqətə çatdırılıb ki, muxtar respublikanın musiqi kollektivlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, səmərəli fəaliyyətlərinə görə musiqiçilərimiz Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, Prezident təqaüdü və mükafatlarına layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 11-dən 18-dək muxtar respublikanın bütün bölgələrində Milli Musiqi Günü ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini qeyd edən nazir bildirib ki, muxtar respublikanın əksər musiqi kollektivlərinin ifalarında konsert proqramları, eləcə də “Yallı” Festivalı təşkil edilib. Bu musiqi bayramı günlərində xalq musiqisindən və bəstəkar mahnılarından ibarət konsert proqramları sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının Simfonik orkestri geniş konsert proqramı ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə