Dünyanı fəth edən Azərbaycan muğamı

26 Avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Hər birimizin mənəvi və ruhi qidası olan Azərbaycan muğamı dünya da birmənalı olaraq, qəbul edilir və mədəni irs siyahısında nadir əsər tək qorunur və təqdim olunur. 26 avqust tarixi bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə daim yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır. Muğam Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də, onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdəndir. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ləzgilər, gürcülər və avarlar kimi etnik qruplar arasında da populyardır.

MUĞAM İFAÇILIĞININ YAYILMASINDA ƏDƏBİ VƏ MUSİQİ MƏCLİSLƏRİN ROLU

Muğam - Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd, onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah, muğam və zərbi-muğamdır. Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyük dəstgahdır. Professional muğam sənətinin tarixinə, mənbələr əsasında diqqət

yetirsək, görərik ki, 1922-ci ildə muğamın tədrisi Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilmişdir. Tədris proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının strukturunda xeyli islahatlara və ənənəvi məhəlli məktəblərin nisbi unifikasiyasına gətirib çıxardı. Üzeyir Hacıbəylinin göstərişinə əsasən, o vaxtın ən nüfuzlu musiqiçilər qruppu, dəstgahların ixtisar edilmiş tədris versiyalarını işləyib-hazırlamışdır. Ötən əsrin 20-ci və 30-cu illərində tədris versiyaları ilə yanaşı olaraq, böyük sənətkarların - o vaxtın ustadlarının genişləndirilmiş versiyaları da mövcudluğunu davam etdirirdi. Muğam ifaçılığının yayılmasında və onun professional şəkil almasında, XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər, Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada "Məclisi-Fəramuşan", "Məclisi-Üns", Musiqiçilər Cəmiyyəti, Şamaxıda "Beytüs-Səfa" və Mahmud ağanın musiqi məclisi, Bakıda "Məcmə-üş-Şüəra", Gəncədə "Divani-Hikmət", Ordubadda "Əncümən-üş-Şüəra", Lənkəranda "Fövcül-füsəha" idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə, ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Məclislər özlüyündə, XIX yüzil - XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan, kamilləşmələrində güclü stimul rolunu oynamışdı.

XX yüzilin 20-ci illərindən başlayaraq - sovet dövründə Azərbaycanda musiqi təhsili, o cümlədən, muğamın tədrisi 3 mərhələli sistem üzərinə köçürüldü: məktəb - texnikum - konservatoriya. Beləliklə, muğam sənətinin tədrisi prosesi indi, formal olaraq, 14-15 il vaxt aparır. İfaçılar özləri hesab edirlər ki, professional yetkinlik musiqiçiyə, 5-10 il praktik çıxışlardan tez olmayaraq, çatmaq olar. Beləliklə, muğam ifaçısının ustad, yəni öz peşəsində əsl professional olmasından ötrü 20-25 il vaxt tələb olunur. Tələbin bu səviyyəsi, özlüyündə, muğamı şifahi ənənəvi professional sənət səviyyəsinə qaldırır.

Azərbaycanda sovet rejimi qurulduqdan sonra, xüsusən də, 30-cu illərdən başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin nəzarəti altına keçir.

Sovet dövlətinin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı. XX yüzilliyin əvvəllərində, Şərq incəsənəti Qərb auditoriyasında maraq doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum siyasi vəziyyətə görə, ona sərbəst çıxışa malik olmadıqları kimi, sovet Şərqinin ənənəvi musiqiçiləri də, belə bir çıxışa malik deyildilər. Müvafiq olaraq, Qərbin bədii məkanında müsəlman Orta Şərqinin musiqi mədəniyyətlərindən daha çox yeri ərəb, İran və türk ənənəvi musiqisi tutmuşdur. Xarici mədəni məkanda Azərbaycan muğamının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 20-30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya ("Doloy tar!", "Doloy muğam!") tədricən muğam sənətinin ictimai statusunu laxlatdı.

Muğam sənəti XX yüzillikdə Azərbaycan bəstəkarlarının yaradıcılığına ilham verən qaynaq olmuş və olaraq qalır. 1908-ci ildən - Bakıda Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Azərbaycanda professional musiqi teatrının başlanğıcı olan ilk operasının səhnəyə qoyulduğu tarixdən muğamlar Azərbaycan musiqisindən bir çox musiqi əsərlərinə və yeni janrlara həyat vermişdir. Sonuncular sırasında - muğam operası, simfonik və xor muğamları, sonata-muğam və caz-muğam göstərilə bilər. Azərbaycan bəstəkarlarının ayrı-ayrı əsərlərinin bu gün də böyüməkdə olan çox uzun bir siyahısı muğam ənənələrinə əsaslanır.

MUĞAMI QORUMAQ, İNKİŞAF ETDİRMƏK MƏQSƏDİ İLƏ HEYDƏR ƏLİYEV FONDU İRİMİQYASLI LAYİHƏLƏR HƏYATA KEÇİRİR

Müasir dövrümüzdə özünün yeni bir inkişaf dövrünü yaşayan Azərbaycan muğamı dövlət tərəfindən qorunur və təbliğ edilir. Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verilir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini və dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd etməliyik. "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunu nəfis şəkildə nəşr etmişdir. Albomda 24 virtuoz muğam ifaçısının səsləndirdiyi muğam parçaları qədim və zəngin mədəniyyətimiz barədə dinləyicilərdə geniş təsəvvür yaradır.

Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr və beynəlxalq festivallar təşkil edilərək, həyata keçirilir. İlk olaraq, fondun birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan muğam sənətinin inkişafına və təbliğinə böyük töhfələr verən muğam müsabiqələrini və beynəlxalq festivalları qeyd etmək lazımdır. 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam müsabiqəsi Azərbaycan tamaşaçıları ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən də razılıqla qarşılandı. Qədim muğam sənətinin qorunub-saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə fond 2007-ci ildən başlayaraq, hər il, ardıcıl olaraq, muğam müsabiqəsi keçirir.

Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına salınıb. Həm bu, həm də yuxarıda bəhs etdiyimiz məqamlar isə, Mehriban xanım Əliyevanın muğamın yaşadılması ilə bağlı həyata keçirdiyi layihələrin öz bəhrəsini verdiyini bir daha təsdiqləyir.

Bu gün muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ edərək, bu sənəti nadir əsər tək tamaşaçılara çatdırırlar. Demək olar ki, bu gün Azərbaycan muğamı dünyanı fəth edib. Bu sənətin qocaman, yaşlı, gənc səntkarları hər zaman öyrənir, öz üzərilərində çalışır və Azərbaycan muğamını çoxsaylı tamaşaçıya təqdim edirlər. Belə bir sənət növü ilə, hər bir azərbaycanlı qürürlanmaqda haqlıdır. Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Gününün elan olunması bir daha Azərbaycan mədəni irsinə beynəlxalq səviyyədə verilən qiymətdir. Dünya miqyasında keçirilən musiqi festivalı çərçivəsində Azərbaycanın simfonik musiqisi və muğamı günləri təşkil olunur. Konsertlər çərçivəsində "Qarabağ şikəstəsi", "Cahargah", "Heyratı" muğamları ilə yanaşı, Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin və digər klassiklərimizin əsərləri Kanadanın "İpək Yolu" Kamera Orkestrinin ifasında səsləndirilir.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...