"Qəbələ festivalı gözəl musiqi bayramıdır"

Qəbələ Beynəlxalq Musiqi Festivalının başlanmasını biz musiqiçilər hər il böyük səbirsizliklə gözləyirik. Bu festival ölkəmizin musiqi həyatında çox mühüm hadisədir və böyük əhəmiyyətə malikdir. Qəbələ festivalı özünəməxsusluğu ilə seçilən gözəl musiqi bayramıdır. Bu sözləri müsahibəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, pianoçu Murad Adıgözəlzadə deyib.

Festivalın proqramının rəngarəng və maraqlı olduğunu vurğulayan musiqiçi hər gün keçirilən konsertlərin, bir-birindən gözəl ifaların, dahi bəstəkarların əsərlərinin tamaşaçılara unudulmaz anlar yaşatdığını bildirib. Pianoçu deyib: “Festivalın açılış mərasimində tamaşaçılara dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı maraqlı bir proqram təqdim edildi. Konsert hamının ürəyincə oldu. Eyni zamanda, builki festival dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunan konsert proqramı ilə də yadda qalacaq. Bu dahi sənətkarın yubiley tədbirində çıxış etməyi mən də özümə borc bildim”.

Bütün xəbərlər Facebook səhifəmizdə