Qəbələnin sədası dünyaya yayılır

Mehriban xanım Əliyeva: "Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir"

Ümummilli Lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan milli dəyərləri, tarixi və maddi mədəniyyəti dünyada, tanıdılır. Xalqların və millətlərin bir-birinə yaxınlaşmasına, ölkələr arasında mövcud olan əlaqələrin inkişafında çox vacib rol oynayır. Beynəlxalq aləmdə keçirilən sərgilər və Azərbaycan mədəniyyət günləri Şərqlə Qərb mədəniyyətlərinin qovuşmasında bir körpü rolunu oynayır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Musiqi Festivalı, VI Beynəlxalq "Qız Qalası" İncəsənət Festivalı, İkinci Beynəlxalq Aşıq Festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş beynəlxalq festivallar da Azərbaycanın real mənzərəsinin təbliğində önəmli rola malikdir.

Mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən Qəbələ Beynəlxalq Musiqi Festivalı da gözəl bir ənənəyə çevrilərək, beynəlxalq nüfuzunu ildən-ilə artırır. Dünyanın müxtəlif ölkələrinin musiqiçilərini Qafqaz Albaniyasının paytaxtı olan, zamanın, mədəniyyətin izini daş yaddaşına həkk edən Qəbələyə toplayır. Bu beynəlxalq musiqi festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verildiyinin də bir göstəricisidir. Əsası Heydər Əliyev Fondu tərəfindən qoyulan bu festival əhəmiyyətinə görə, artıq dünyanın hər yerində tanınır. Festival təkcə mədəni əlaqələrin deyil, eyni zamanda, insanlar arasında dostluğun, qardaşlığın, dövlətlər arasında yüksək mədəni əlaqələrin yaranmasında çox böyük əhəmiyyət daşıyır. Bu gün Qəbələdə yenidən festival həyacanı yaşanılır. Mehriban xanım Əliyevanın XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarına ünvanladığı təbrik məktubunda vurğulandığı kimi, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib: "Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir". Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş "Bakı Prosesi" çərçivəsində bu ilin aprelində V Dünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizdə uğurla sona çatdı. İyun ayında isə Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Məktubda qeyd olunur ki, sessiyanın keçirildiyi tarix bizim üçün əlamətdar hadisə ilə yadda qaldı – Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkidə yerləşən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi".

"BU TƏDBİRLƏR AZƏRBAYCANIN TƏMƏL PRİNSİPLƏRİNİN SÜLH VƏ HUMANİZM OLDUĞUNU BİR DAHA SÜBUT EDƏRƏK, DİLİNDƏN, DİNİNDƏN, ETNİK MƏNSUBİYYƏTİNDƏN ASILI OLMAYARAQ MÜXTƏLİF XALQLARIN NÜMAYƏNDƏLƏRİNİ BİR ARAYA TOPLAYIR"

Vurğulayaq ki, bu gün Qəbələdə keçirilən festival, eyni zamanda, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyi bir dövrə təsadüf edir. Bu yubiley Azərbaycanın mədəni həyatında çox böyük hadisədir. Məktubda qeyd olunur ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə "Nəsimi İli" elan edilib. Bu münasibətlə payız aylarında təşkil olunacaq Nəsimi – Şeir, İncəsənət və Mənəviyyat Festivalına dünyanın bir çox ölkəsindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir: "Bu tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq müxtəlif xalqların nümayəndələrini bir araya toplayır. Bütün bunlar, sözsüz ki, xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələrdir və mən də UNESKO-nun Xoşməramlı Səfiri kimi bu tədbirləri daim dəstəkləyirəm".

FESTİVAL İLDƏN-İLƏ BÖYÜYƏN TAMAŞAÇI AUDİTORİYASI VƏ AHƏNGDAR MUSİQİ KEYFİYYƏTİ İLƏ YADDA QALIR

Təbii ki, mədəniyyət bütün dövrlərdə xalqlararası ünsiyyətin başlıca vasitəsi olub və müasir dünyamızda da baş verən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya mədəniyyətlərinin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir.

Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Hər zaman Qəbələ Beynəlxalq Musiqi Festivalına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan bu gün də öz təcrübəsindən yararalanaraq, festivalı uğurla başa vuruacaqdır. Bu dəfə də gözəl təbiəti olan Qəbələdə klassik musiqi axşamları insanlarda xoş ovqat yaradacaq. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın himayəsi ilə keçirilən festivalda çox görkəmli ifaçıların iştirak etmələri mötəbər tədbirin əks-sədasını bütün dünyada çox geniş yayaraq, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevirir. Festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə yadda qalır. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxırlar. Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ daha bir musiqi festivalına ev sahibliyi edərək, tarixinə yeni səhifə yazır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...