Azərbaycan təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi

Dövlət başçısının sərəncamları ilə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər fəxri adlara layiq görülüblər

Bu gün beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan mədəniyyətlərarası dialoqa töhfələrini verir. Bu, Azərbaycan mədəniyyət diplomatiyasının təntənəsidir. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır. Beynəlxalq səviyyəli tədbirlərin burada keçirilməsi dünya dövlətləri tərəfindən ölkəmizə ayrılan rəğbətin də göstəricisidir. Müxtəlif məzmunlu tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkəmiz üçün fərəhləndirici məqamdır. Ölkəmizin durmadan artan beynəlxalq nüfuzu və mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir. Bütün bunlar Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini dünya ictimaiyyətinə təqdim edir.

Müasir dünyanı narahat edən məsələlər də ölkəmizdə müzakirə olunur. Dünyada baş verən qlobal dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından keçirilən tədbirlərdə ölkələrin təmsilçiləri və fərqli fikirli insanlar arasında daha böyük anlaşmanı təmin etmək kimi böyük bir missiya həyata keçirilir. Qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə qurulması yolları müzakirə edilir. Təbii ki, hər məsələnin mərkəzində insan amili dayanır və bəşəriyyətdə olan insanların rifahın yüksək olması vacib məsələlərdəndir.

AZƏRBAYCAN ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏTƏ MALİK QƏRARIN QƏBUL OLUNMASI ÖLKƏMİZİN UNESKO İLƏ TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNİN YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF ETDİYİNİ GÖSTƏRİR

Bu günlərdə paytaxtımızda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası da Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək vermiş oldu. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Məlumdur ki, Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalamışdır. Bununla da, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olundu. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı Bakıda 45 qərar qəbul edildi və 29 irs nümunəsi siyahıya salındı. Qəbul edilən qərarlar dünya mədəni irsinin qorunmasına, gələcək nəsillərə çatdırılmasına töhfə verəcək. Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi xalqımızın beynəlxalq aləmdə daha bir mədəni və siyasi qələbəsi, eyni zamanda, dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq miqyasda növbəti təsdiqi oldu.

Azərbaycan dəfələrlə olduğu kimi, bu dünya miqyaslı tədbirə də ən yüksək səviyyəli təşkilatçılıqla ev sahibliyi etdi. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu xarici siyasətin, Birinci vitse-prezident və UNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı nəticəsində bu təşkilatla tərəfdaşlığın yüksək səviyyədə inkişafının göstəricisi kimi çox yüksək qiymətləndirilir. Bu kimi tədbirlərin ölkəmizdə keçirilməsi dünya ictimaiyyətində Azərbaycana olan etibarın və inamın parlaq nümunəsidir. Bakıda keçirilən sessiyaya ölkəmiz yüksək səviyyədə ev sahibliyi etdi və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi.

Dövlət başçısı UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş şəxslər "Vətənə xidmətə görə" ordeni, "Tərəqqi" medalı "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə