" Yaylaq Festivalı insanı özünə, keçmişinə qaytarır" - ÖZƏL

Xəbər verdiyimiz kimi, qədim yaylaq ənənələrinin yaşadılması və təbliği məqsədilə Azərbaycanda ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçirilib. Festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilib. SİA-nın məlumatına görə, Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan Milli Yaylaq Festivalına 16 ölkədən nümayəndələr, yerli və xarici turistlər qatılıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) əməkdaşları da festivaldan xoş təəssüratlarla ayrılıblar. AYB-nin katibi Xəyal Rza bildirib ki, bu festival qədim adət-ənənələrimizi yaşatmaq, qorumaq və gələcək nəsillərə miras qoymağın ən gözəl nümunəsidir: "Festival üç gün ərzində bizə böyük zövq verdi. Burada türk dünyasının tanınmış simaları, dəyərli şəxsiyyətlər iştirak edirdi. Açılış mərasimi öz-özlüyündə bir bayram idi. Belə festivalların keçirilməsi, təbliğı tariximizi yaşatmaq baxımından olduqca önəmlidir. Milli Yaylaq Festivalı insanı özünə, keçmişinə qaytarır. Bildiyiniz kimi Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında təşkil olunan bu festivalda 16 ölkədən nümayəndələr, yerli və xarici turistlər qatılımışdı".

Xəyal Rza bildirib ki, Milli Yaylaq Festivalında iştirak edənlər adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər. Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə alaçıqlar ilə yanaşı, cıdır meydanı, yaylaq bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı, yaylaq yatağı, pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə