"Kitabxanada Azərbaycana aid çox sayda əlyazmalar qorunur"

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Türkiyədə elmi ezamiyyətdə olub. SİA-nın məlumatına görə, Türkiyənin bir neçə şəhərində olan tədqiqatçı əvvəlcə Bursa İnebey Yazma Əsərlər Kitabxanasında araşdırma aparıb.

Məlumatda bildirilir ki, kitabxanada Azərbaycana aid çoxlu sayda əlyazmalar qorunur. Bunlar əsasən klassiklərimizin əsərlərinin əlyazmalarıdır. Kitabxanada dahi Azərbaycan şairi İmadəddin Nəsiminin də əsərlərinin əlyazmaları var. Burada Nəsiminin “Divan”ının bir nüsxəsi, nəsrlə qələmə aldığı “Müqəddimətül həqayiq” əsərinin bir nüsxəsi və bir qəsidəsinin əlyazması qorunur.

Kərimulla Məmmədzadə hər üç əlyazmanı tədqiq edib. Burada qorunan Nəsimi “Divan”ının katibi məlum deyil. Əlyazmanın həcmi 60 vərəqdir (120 səhifə). Hər səhifə 11 sətir olmaqla iki sütundan ibarətdir və zərif təliq xətti ilə köçürülüb. “Divan”da Nəsimiyə aid 2 məsnəvi, 2 qəsidə, 82 qəzəl, 9 nəzirə və 1 mənaqib yer alıb. Bütün poetik nümunələr ana dilindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə