"Öz tariximizə, ənənələrimizə hər zaman sahib çıxmalıyıq" - ÖZƏL

"Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli “Vikipediya”da ölkəmizdə ilk dəfə keçirilən Milli Yaylaq Festivalı haqqında məqalə yazılıb. Məqalədə festivalın keçirildiyi ərazi, təşkilatçılar, festival müddətində təşkil olunan milli yaylaq oyunları və s. barədə ətraflı məlumat verilib". SİA-nın məlumatına görə, bu barədə AMEA -nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk bildirib.

O, əlavə edib ki, milli dəyərlərimizi,ənənələrimizi qorumaq bizim borcumusdur: "Biz öz tariximizə, ənənələrimizə hər zamana sahib çıxmalıyıq. Əks halda düşmənlərimiz bu fürsətdən istifadə edirlər. Bu baxımdan, Milli Yaylaq Festivalı türk xalqlarının qədim adət-ənənələrini özündə birləşdirən mühüm və lazımlı layihə idi".

Qeyd edilib ki, Milli Yaylaq Festivalı Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə ilk dəfə 2019-cu il, iyulun 26-da Gədəbəy rayonunda keçirilib. Festival günlərində mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər, xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla mindi) təşkil olunub, yaylaq kulinariya nümunələri təqdim edilib. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış-sərgisi təşkil olunub.

Festivalın milli yaylaq oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları, milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi, nümunəvi çıxışlar, atüstü milli oyunlar - çövkən, baharbənd, sürpapaq, piyalə, ər endir (atüstü güləş), gərdək qaçırmaq, zorxana, kəndirbazlıq və ox atma təşkil edilib.

Yaylaq festivalının eko-etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş alaçıqlarda qalmaq imkanı yaradılıb. Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə