Çıraqqala abidəsinin bərpa işlərinə başlanılıb

Dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə-qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" Alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların Evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" Xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb.

Görülən işlər tarixin daş yaddaşı olan abidələrin nəsillərdən-nəsillərə ötürülməsində əhəmiyyətlidir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə dövlət başçısının Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərin davamı oldu. Dövlət Proqramına əsasən, milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilib.
Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-si tarixi-bədii qoruqdur. Təkcə Yanardağ həm tarixi-mədəniyyət, həm də təbiət qoruğu olaraq, fəaliyyət göstərir. Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Nardaran Tarix-Mədəniyyət Qoruğu, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix-Mədəniyyət Qoruğu, "Çıraqqala" Tarixi-Memarlıq Qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur. Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi-tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Qoruqların bir qismindən turizm məqsədləri üçün istifadə edilir.
Son illərdə Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları ilə ölkə ərazində yerləşən bir çox abidələrin qorunması təmin edilib, əraziləri abadlaşdırılıb və yeni turizm marşrutları müəyyən olunub. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. Görülən işlərin davamı olaraq, dövlət başçısı 2018-ci il 3 oktyabr tarixində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Sərəncam imzalamışdır.
Bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrılıb. Ötən müddət ərzində, bərpa-konservasiya işlərinin aparılması üçün zəruri tədbirlər həyata keçirilib, layihə-smeta sənədləri hazırlanıb. İyul ayının əvvəlindən isə, bərpa işlərinə start verilib. Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb.
Çıraqqala, mərkəzi qala da daxil olmaqla, 17 bürcdən ibarət düzbucaqlı formada olub. İndi həmin bürclərin ancaq üçü salamat qalıb. Ümumilikdə isə, qalanın izləri məlum olan 8 bürcündə bərpa-konservasiya işləri həyata keçiriləcək. Görüləcək işlər zamanı bürclərarası qala divarları da bərpa-konservasiya olunacaq, ərazidə arxeoloji tədqiqatlar da aparılacaq. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən qalaya qalxacaq piyadalar üçün yol, eləcə də, qala divarları boyu yol salınacaq.
Çıraqqalanın bərpası üzrə işlərin bir il ərzində yekunlaşdırılması nəzərdə tutulub. Lakin ərazinin mürəkkəb relyefi və hava şəraiti bu müddətin uzanmasına təsir edə bilər.
Göründüyü kimi, ölkə ərazisində olan qoruqlarda, tarixi ərazilərdə dövlət tərəfindən genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılıb və bu iş bu gün də davam etdirilməkdədir. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə, qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılır.
Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...