"Cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmirlər" - ÖZƏL

"Təəssüf edirəm ki, müsabiqəyə qatılan gənclər hələ də Akademik Musiqili Teatrın bu gözəl təşəbbüsünün əhəmiyyətini və gənclər üçün yaratdığı şəraiti yetərincə dəyərləndirmək iqtidarında deyillər. Əslində bu müsabiqənin məqsəd və tələblərinə uyğun olaraq teatra yeni, istedadlı, gözəl vokal imkanları, xoşagələn görkəmi və təbii ki, ilk növbədə səlis danışıq qabiliyyəti olan gənclər müraciət etməli idi. Lakin cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmirlər. İki gün ardıcıl davam edən bu turda 60-a yaxın iştirakçı arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az da olsa cavab verdilər". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Dövlət Akademik Musiqili Teatrında istedadlı gənclərin üzə çıxarılması və işə qəbulu ilə bağlı müsabiqənin ilk seçim turunda Xalq artisti Şəfiqə Məmmədova deyib. O, əlavə edib ki, onlar gələcəkdə bu teatrın səhnəsində maraqlı rolları ilə tamaşaçıların diqqətini cəlb edə biləcəklər. "Mən bu müsabiqəni növbəti illərin seçimləri üçün yaxşı bir başlanğıc hesab edirəm. Biz "akademik" teatr statusu almış, gələn il 110 yaşını qeyd edəcəyimiz qocaman, zəngin və maraqlı yaradıcılıq bioqrafiyası, həyat tarixçəsi olan bir sənət məbədində işləmək üçün daha çevik, daha maraqlı, güclü səsi, vokal imkanları, artistlik qabiliyyəti olan gənclərin sorağındayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə