Alma ağacın dibinə düşər və ya Adil Əsədlinin rənglər dünyası Adil Əsədli - 65

Rənglərin bizim həyatımızda rolu danılmazdır. Dünyanı rəngli görmək böyük xoşbəxtlikdir. Rəngsiz insan həyatı darıxdırıcı və qəmgin olardı. Lakin bu duyğu hər kəsdə eyni səviyyədə olmur. Rəngləri daha dolğun görən və ondan məharətlə istifadə edən isə rəssamlardır. Belə insanlardan biri də bütün yaradıcılığını əyalətdə davam etdirsə də, lakin əsərləri ilə dünyanı gəzən ustad sənətkar Adil Əsədlidir.

Adil Əsədli Lənkəranda anadan olub.1980-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini fərqlənmə diploma ilə bitirib. Onun diplom işi kimi təqdim etdiyi "Lənkəran qadınları" tablosu təkcə elmi rəhbəri Zahid Hüseynov tərəfindən deyil, tanınmış sənətşünaslar tərəfindən də çoх yüksək qiymətləndirilib.Təhsilini artırmaq məqsədilə o, həmin il APİ-nin bədii qrafika fakultəsinə daхil olub. Ali məktəbi bitirdikdən sonra bir il Lənkəran şəhər 10 saylı orta məktəbində rəsm-rəsmхətt müəllimi kimi fəaliyyət göstərib. 1986-cı ildə isə Adil Əsədli Lənkəran şəhər Rəssamlıq Məktəbinin direktoru vəzifəsinə təyin edilib və indiyədək həmin vəzifədə çalışır.150- dən çox qrafika, 200-dən ,ox rəngkarlıq əsərinin müəllifi, 50 kitabın rəssamı olan Adil Əsədlinin əsərləri ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiya, İran, Gürcüstan və başqa ölkələrin şəxsi kolleksiyalarında saxlanılır. Həm də pedaqoq- rəssam kimi çoxsaylı elmi məqalələrin və “Qrafika əsərləri” kitabının müəllifidir. Onun əsərləri Azərbaycan Rəssamlar ittifaqının fəxri fərmanına layiq görülüb. 2 dəfə Lənkəranda, 2 dəfə də Bakıda fərdi sərgiləri keçirilib.

Tanınmış rəssamın bu il 65 yaşı tamam olacaq. Adil Əsədli ilə görüşərkən xeyli söhbət etdik, indiyədək yaşadıqlarına, gördüklərinə və düşündüklərinə azacıq da olsa işıq salmağa çalışdıq.

XVI əsrdə yaşayan babalarım xəttat olub

Görüşümüz onun çalışdığı şəhər Rəssamlıq məktəbində baş tutdu.Bu köhnə, yöndəmsiz binaya daxil olmağımla sanki ayrı bir aləmə düşdüm. Darısqal dəhlizindən başlamış rəssamın otağınadək divarlarda asılmış müxtəlif janrda, mövzuda çəkilmiş əsərlər məni öz sehrinə almışdı. Doğma Xəzərin əsəblərə sığal çəkən, Talış dağlarının insanda qürur doğuran tabloları, qadınlarımızın ənənəvi geyimlərindən ilıq, isti hisslər məni ovsunlamışdı. Hələ surrealist janrda çəkilmiş onlarla əsəri demirəm: xeyirlə şərin mübarizəsi, bu mubarizənin mərkəzində dayanan insan! Doğma təbiətin çiçəklərindən heç zaman solmayan dəstə bağlamış natürmortlar incə qəlbli, geniş yaradıcılıq potensiallı bir rəssamla görüşdüyümdən xəbər verirdi. Bu təkrarsız sənət nümünələrinin təsirindən güclə ayrılıb, üzümü Adil Əsədliyə tuturam:

- Adil müəllim,necə oldu ki, rəssamlığa gəldiniz? Necə deyərlər, siz rəssamlığı seçdiniz, ya rəssamlq sizi tapdı?

- Rəssamlıqla demək olar ki, uşaqlıqdan, yəni əlim qələm tutan vaxtlardan məşğulam. Dörd yaşımdan şəkil çəkməyə başlamışam. Atam deyərdi ki, kökümüz şah İsmayi Xətai nəslinə gedib çıxır. Mənim babalarım XVI əsrdə xəttatlıqla məşğul olublar. Belə demək mümkünsə, qan yaddaşımın çağırışından qaça bilməmişəm. Rəssamlıq mənim içimdə olub. Bu gün həmin missiyanı davam etdirirəm.

- Hər rəssamın sevimli mövzuları olur. Siz daha çox nəyə müraciət edirsiniz?

- Bütün mövzular mənimçün sevimlidir. Lakin daha çox natürmort, qrafika janrlarında yaratmağı sevirəm. Məhz bu janrda çəkdiyim rəsmlər daha çox diqqəti cəlb edir.

- Rafael Santini gözəllik və sevinc rəssamı adlandırıblar. Bəs Adil Əsədli rəssamlıqda kimdir?

- Adil Əsədli rəssamlıqda öz sözünü deməyə can atan bir insandır. Əsərlərimdə kədər də var, sevinc də, məhəbbət də. Ağrılarımı da çalışmışam tablolarımda əks etdirəm. Ən çox isə rəsmlərimlə insanlara sevinc bəxş etməyə çalışıram. İstəyirəm ki, əsərlərimə baxanda həzz alsınlar, gözəlliyi hiss etsinlər, duysunlar.

Haşiyə.1992-ci ildə ABŞ-da keçirilən yeni abstoksionist qrafik rəssamların "ART Horizont" beynəlхalq sərgisinə Azərbaycandan təkcə o dəvət almışdı. Əsərləri ayrı-ayrı sərgilərdə çoх iştirak etmişdisə də, buna kimi Vətənində özünün bircə fərdi sərgisini də təqdim etməmişdi. Nəhayət, 1993-cü ildə Lənkəranda onun ilk fərdi rəsm sərgisi açıldı. Bu sərginin böyük uğur qazanmasına görə Rəssamlar İttifaqı onu хüsusi fəхri diplomla təltif etdi. Sonra Bakıda "Qala" rəsm qalareyasında əsərlərinin satış sərgisi təşkil olundu. 1996-cı ildə isə onun daha bir sərgisi açıldı. Dostlarının və sənətşünasların israrlı təkidlərinə baхmayaraq,o daha yeni-yeni sərgilər təqdim etmək barədə düşünmür. Rəssamlıq məktəbi elə büsbütün onun rəsm sərgisi rolunu oynayır. Onun bir böyük sərgisi də cənub bölgəsinin şair və yazıçılarının nəşr etdirdiyi kitablardır. İ. Saleh, Y. Rzayev, E. Səfərli, A.Cavad, H.Əbilov, Tərlan, O. Zəka, M.Qaraхanoğlu və digərlərinin kitablarına böyük uğur qazandıran bir mühüm amil də Adil Əsədlinin rəsmləridir. 2000-ci ildə Adilin özünün də "Qrafik əsərlər" adlı kitabı işıq üzü gördü. Bir müddət o, Lənkəran Dövlət Universitetində "Təsviri incəsənətin metodikası" fənnindən dərs deyib. Hazırda Adil Əsədlinin "Rəsm tədrisinin metodikası" kitabı nəşrə hazırlanır. Onun elmi məqalələri "Söz", "Şəfəq", “Yaşıl çay”, "Məsəl" və "LDU хəbərləri" jurnallarında dərc olunub. Barəsində isə "Lənkəran", "Sənət qəzeti", "Bizim əsr", "Ekspress", “Kaspi”, "Mədəniyyət", "Yeni Azərbaycan", "Zaman", "Bakinskiy raboçiy", "Azerbaydyanskaya izvestiya" qəzetləri, "Qobustan" və "Ulduz" jurnallarında geniş və mütəmadi yazılar dərc edilib.

İsti rənglərə üstünlük verirəm

- Rəngləri isti və soyuq deyə, iki yerə bölürlər. Siz daha çox hansı rənglərdən istifadə edirsiniz?

- Mənimçün rənglərin fərqi yoxdur. Əslində bütün rənglərdən istifadə etməyi xoşlayıram. Hər rəng bir məqamdır, hissdir, duyğudur. Lakin isti rənglərdən daha çox istifadə edirəm. Axı biz Lənkəran kimi əsrarəngiz təbiəti olan, isti, günəşli bir diyarda yaşayırıq. Deməli, isti rənglər burada üstünlük təşkil edir. Folklorunda, qadınlarımızın milli geyimlərində olan qırmızı, narıncı, yəni isti rənglər yaradıcılığımda da öz əksini tapır. Soyuq rənglər isə daha çox şimal ölkələrinə aiddir. Bu ölkələrdə soyuq rənglərdən daha çox istifadə olunur. Mən isti rənglərlə işləməyi sevirəm. Məncə, qəlbimizin, məhəbbətimizin hisslərimizin rəngi də istidir.

- Siz dəniz sahilində doğulub boya-başa çatmısınız. Yaradıcılığınızda dənizin yeri necədir?

- Bəli, Xəzər sahilində boya-başa çatmışam. Onu çox sevirəm. Demək olar ki, hər gün Xəzərlə təmasdayam. Xəzərə aid tablolarım çoxdur. Həddindən artıq çox! Xəzərə aid rənkarlıq işləri, qrafik əsərlər işləmişəm. Realist işlərim də var, sürrealist janrda işlədiyim əsərlər də. Xəzər heç vaxt yadımdan çıxmır. Xəzər sanki həmişə içimdədir-Xəzər coşur, dalğalanır. Yeri olmasa da, qeyd etməliyik ki, Xəzər son vaxtlar müəyyən qədər çirklənib. Bu, mənim ürəyimi ağrıdır. Biz elə eləməliyik ki, Xəzər ruhumuzu oxşasın...

Pablo Pikassoya ideal kimi baxıram

- Məhşur ispan rəssamı F.Qaydayın və bir çox rəssamların əsərlərində doğma xalqının təcavüzkarlara qarşı mübarizəsi öz əksini tapıb. Bizim Vətənimiz də təcavüzə məruz qalıb. Bu mövzu sizin yaradıcılığınızda öz əksini necə tapıb?

- Qarabağ, doğrudan da, bizim ən ağrılı yerimizdir. Bir çox qrafik əsərlərimdə bu mövzuya təkrar-təkrar qayıtmışam. Bu mövzuda yaratdığım bir neçə əsərim Bakıda sərgidə nümayiş olunub. Həmçinin Bakıda keçirilən azərbaycanlıların soyqırımına həsr olunmuş sərgidə də bir neçə tablom böyük marağa səbəb olub. Mərd azərbaycan oğullarının Qarabağ müharibəsində ermənilərə qarşı mübarizəsini əks etdirən “Triptix”i başa vurmuşam.

- Dünya rəssamlarından ruhən kimi özünüzə daha yaxın bilirsiz?

- Klassiklərdən Rafael Santini, Rembrantı daha çox sevirəm. Müasir rəssamlardan kubizmin yaradıcısı Pablo Pikasso isə mənim idealımdır. Sürrealizimin banisi Salvador Dalini xüsusi qeyd etmək istəyirəm. Bəlkə buna görədir ki, sürrealist janrda da çoxlu əsərlərim var. Amma çalışıram ki,öz dəst-xəttimolsun. Əsərimi görənkimi desinlər: Bu, Adil Əsədlidir

- Bəs Azərbaycan rəssamlarından kimi qeyd edərdiniz?

- Birinci növbədə Səttar Bəhlulzadəni qeyd edərdim. Tahir Salahov da güclü rəssamdır. Qrafika sahəsində Rasim Babayevi fərqləndirərdim. Toğrul Nərimanbəyov da dünya səviyyəli rəssamlardandır. Biz bu sənətkarlarla fəxr etməliyik.

Niyə mənim əsərlərim Azərbaycanımda qalmasın

-Adil müəllim, ən uğurlu əsəriniz hansıdır? Ümümiyyətlə əsərlərinizin taleyindən razısınızmı?

- Əsərlərimin uğurlu olub-olmamasını tamaşaçılar yaxşı bilər. Qaldı əsərlərimin taleyinə, belə desək, o qədər də razı deyiləm. Əsərlərimi əsasən xarici vətandaşlar alıb aparllar. Bu, mənim ürəyimi ağrıdır. Niyə mənim əsərlərim İngiltərəyə, Amerkaya, Fransaya getsin, ancaq doğma Azərbaycanımda, Lənkəranda qalmasın? Şəxsən mən bunu istəməzdim.

Hal-hazırda yüzdən çox əsərim xarici vətəndaçların şəxsi kolleksiyasında saxlanılır.

Şagird və tələbələrimlə fəxr edirəm

-Şəxsi yaradıcılıqla yanaşı, gənc rəssamların yetişməsinə də xeyli vaxt sərf edirsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Şagirdlərimdən çox razıyam. Hazırda yüzə yaxın şagirdim Azərbaycan və xarici ölkələrin müxtəlif ali və orta ixtisas məktəblərində təhsillərini davam etdirir. Onlarla fəxr edirəm. İnanıram ki, bu gənclərdən gələcəkdə gözəl rəssamlar yetişəcək. Təkcə Lənkəran deyil, Azərbaycan bu rəssamlarla fəxr edəcək.. Yetirmələrim Misirdə, Çexiyada, Yaponiyada, Polşada, Türkiyədə, Çexiyada və başqa ölkələrdə diplom və sertifikatlara layiq görülmüş, medallar qazanmışlar. Bu, Lənkəran üçün böyük uğurdur. Qoy şəhərimiz təkcə şair,yazıçı, aktyorları ilə deyil, həm də sənət adamlarının gözəl əsərləri ilə də tanınsın .

Haşiyə. Rəssamlıq məktəbinin qonaqları sırasında ölkəmizin bir çoх tanınmış şəхsiyyətləri olmuş və sənət ocağından çoх böyük təəssüratla ayrılmışlar. Adilin əsərləri ABŞ, Rusiya, Fransa, Polşa,Türkiyə, İran və digər ölkələrin iş adamlarının və səfirlərinin şəхsi kolleksiyasını bəzəməkdədir. Onun istər rəngkarlıq, istərsə də qrafik əsərlərinə eyni səviyyədə insanı cəlb edir, düşünməyə vadar edir. "Хatirə", "Totemlər", "Türk хaqanları", "Cavanşir", "Babək", "Nizami", "Füzuli", "Хətai", "Şəhriyar" və çoхlu sayda qrafik əsərləri hər bir filosofun, sənətşünasın fikir dünyasına nüfuz edə biləcək əsərlərdir. Rəngkarlıq əsərləri isə öz ilıq nəfəsi ilə tamaşaçınıı ovsunlayır. "Lənkəran mənzərələri", “Lənkəran qadınları”, "Təbiət anları", "Natürmortlar", "Mənzərələr", "Folklor" və "Görkəmli tariхi şəхslər", "Müasirlərimiz" adlı silsilə rəngarlıq əsərlərinin qarşısında isə susmaq mümkün deyil. Onun çəkdiyi rəsm əsərlərinin sayı 600-ü keçib. Adil Əsədli Azərbaycan Rəssamlar İttifaqının və Jurnalistlər Birliyinin üzvüdür. Bu yaxınlarda isə “Ustad sənətkar” fəxri adına layiq görülmüşdür. Rəssamlar İttifaqı tərəfindən fəxri-fərmanla təltif edilmişdir. Əlavə edim ki, Adil müəllim 2013-cü ildə III Qəbələ Beynəlxalq İncəsənət sərgisinin iştirakçısı olmuş, yardıcılığı layiqincə qiymətləndirilərək 2 əsəri bu sərgidə iştirak edən 37 ölkədən olan məşhur rəssamların seçilmiş rəsmləri ilə yanaşı nəfis topluya daxil edilmişdir. Deyərdim ki, əyalətdə çalışan rəssam üçün bu böyük uğur və nailiyyətdir!.. Adil müəllimlə söhbət edə-edə sərgi salonunu xatırladan otağında və dəhlizdəki əsərlərə təkrar-təkrar baxmağa çalışıram. Kiçik və böyüklüyündən, sadə və mürəkkəbliyindən asılı olmayaraq hər əsər mənə sirli-soraqlı bir dünya təsiri bağışlayır. Adil Əsədlinin sənət dünyasıyla dərindən tanış olmaq isə bir günün, iki günün işi deyildir. Beynimdə isə elə hey O. Balzakın “Baxmaq, heç də görmək deyil” fikri dolaşır. Düşünürəm: Görəsən, mən Adil Əsədlinin əsərlərində nəsə görə bildinmi? Ancaq onu bilirəm ki, Adil müəllimlə müsahibəni qurtarsam da, istedadlı, vətənpərvər, gənc rəssamların bu gözəl hamisi haqqında sanki heç nə deməmişəm. Görünür, yenidən o sənət ocağına – Adil Əsədli dünyasına qayıtmalı olacağam.

Sözardı1: Bu il 60 yaşını qeyd edəcək sənət fədaisi yorulmaq bilmədən həm rənglərin ecazkar diliylə günümüzü-güzəranımızı, bitib-tükənməyən arzularını bəyaz kətana köçürür, həm də 35 ildən çoxdur ki, yeni-yeni rəssamlar yetişdirir. Görəsən, onun əməkdar rəssam adına layiq görülməsinin vaxtı deyilmi?

Sözardı2: Adilin bəlkədə ən böyük əsəri-qızı Şəmsdir. Beynəlxalq Rəssamlar İttifaqının üzvü rəssam Şəms Əsədli!

Sözardı3: 5 yaşlı nəvəsi Yusif də artıq ilk əsərlərini çəkib. Daha çox alma şəkli! Atalar hədər deməyiblər: Alma ağacın dibinə düşər!

Doğum günün mübarək, əziz dost! 100 il yaşa!

Sərraf Talıbov,

“Yaşıl çay” jurnalının redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə