Milli Mətbuat Günü ərəfəsində Əməkdar jurnalist Rəşad Məcidə həsr olunmuş məqalə, esse və şeirlərdən ibarət “Xasiyyət xoşbəxti” kitabı çapdan çıxıb. SİA-nın məlumatına görə, kitabın başlıca özəlliklərindən biri burada Rəşad Məcid şəxsiyyətinin, onun yaradıcı portretinin hansısa müəllif mövqeyindən deyil, ayrı-ayrı çağdaşlarının baxış bucağından təqdim olunmasıdır.

Yazıçı-publisisti təqdim edənlərin əksəriyyəti onu istər şəxsi müstəvidə, istər ədəbi yaradıcılıq, istərsə də mətbu-ictimai fəaliyyət prosesində yaxından tanıyan, davamlı müşahidə edən, üstəlik, insan və söz sərrafı kimi sayılıb seçilənlərdir. Bu da Rəşad Məcid portretinin, onun insan və ədib obrazının son dərəcə gerçəyə yaxın, obyektiv alınmasını, bölüşülən fikirlərin, paylaşılan müşahidələrin dəqiqliyini və dürüstlüyünü təmin edir. Onun haqqında yazan müəlliflərin hər biri ədibin xasiyyəti, xarakteri barədə, bədii yaradıcılıq və qəzetçiliyi haqqında ümumi təsəvvürü yeni mühüm cizgiləri və qabarıq ştrixlərlə gücləndirir.

“Vektor” Beynəlxalq Nəşrlər Evində çap olunan “Xasiyyət xoşbəxti” kitabının redaktoru və tərtibçisi tanınmış jurnalist Elşən Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə