Şamaxıda qədim məscid aşkar edilib

Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkar edilib. Aparılan tədqiqatlarda müşahidəçi və bələdçi qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Yasin Nuriyev də iştirak edib.SİA-nın məlumatına görə, aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib.

Yerli sakinlərin rəvayətinə görə, Məhəmməd peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari Şirvana gələrək islam dinini yayıb və vəfat etdikdən sonra burada, məscidin yanında dəfn edilib. Sonralar şeyxin qəbirinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çevirib. Lakin bu rəvayət yerli əhali arasında mövcuddur. Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...