Dünənin, bu günün və sabahın tarixi - Şəki Xan Sarayı

Şəkinin tarixi mərkəzinin Xan Sarayı ilə birgə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın tarixində olduqca mühüm hadisədir. Bu prosesin asan başa gəlmədiyini qeyd edən sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib ki, altı ildir Azərbaycandan ekspertlər bu sənədi hazırlayaraq müvafiq beynəlxalq təşkilatlara təqdim etmişdi. İlk mərhələdə onların təhlili kifayət qədər müsbət olmayıb. Lakin ölkəmizin gətirdiyi sübutlar və dövlətimizin başçısının məsələ ilə bağlı imzaladığı Sərəncamın icrası bu qərarın verilməsində müsbət rol oynayıb.

Braziliyanın UNESKO-dakı daimi nümayəndəsi Mariya Edileuza vurğulayıb ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına qəbul olunduğu sessiyaya sədrlik etmək onun üçün şərəf idi. Bu mədəni irs nümunəsinin Ümumdünya İrs Siyahısında yer alması Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfəyə beynəlxalq səviyyədə verilən qiymətdir. Qədim tarixə malik Şəki Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Şəki Xan Sarayı təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.

Qazandığımız bu uğur - Şəkinin tarixi mərkəzinin Xan Sarayı ilə birgə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi. Bəli, dövlət başçımızın dediyi kimi, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunacaq. “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.

On gün davam edən Bakı sessiyasında 29 nominasiya (24-ü mədəni, 4-ü təbii və 1-i qarışıq) UNESKO-nun siyahısına daxil edildi, 45 qərar qəbul olundu, bir fayl geri götürüldü. Bununla da UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatdı. Sonda 2020-ci ildə Ümumdünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikasının sədrlik edəcəyi və sessiyanın Fuçjou şəhərində keçiriləcəyi qərara alındı. Bir daha sübut olundu ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə