Dünya İslam Kulinariya Konqresinin açılışı olub

Bu gün Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi (MKA) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Dünya İslam Kulinariya Konqresinin açılışı olub. SİA-nın məlumatına görə, dövlət himni səsləndirildikdən sonra Dünya İslam Kulinariya Birliyinin (WICS) prezidenti Gökhan Tufan çıxış edib. O, belə bir tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə edib. Dünyada 2 milyarda yaxın insanın İslam dinə sitayiş etdiyini söyləyən Gökhan Tufan bu konqresin keçiriməsində əsas məqsədin islam ölkələrinin kulinariyasını bir araya gətirmək və təbliğ etmək olduğunu deyib. Tədbirdə MKA-nın prezidenti, professor Tahir Əmiraslanov konqres barədə geniş məlumat verib. Bildirib ki, bu gündən Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisi daimi olaraq Azərbaycanda fəaliyyət göstərəcək. Konqresdə 24 ölkə iştirak edir.

Konqres çərçivəsində daha bir möhtəşəm tədbirin olacağını söyləyən Tahir Əmiraslanov deyib ki, keçən il Rusiya vətəndaşları üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən start verilmiş “Azərbaycan mətbəxi “YouTube” kanalında” müsabiqəsinin qalibləri, layihənin müəllifi və idarəçisi, NTV kanalının aparıcısı Stalik Xankişiyevin rəhbərliyi altında hamının qarşısında mətbəxlərdə yarışacaqlar. Həmçinin “Azərbaycanın Tovuz bölgə mətbəxi” axşamı keçiriləcək.

Tədbirdə WICS-in baş katibi Əli Nouman, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək konqres barədə öz fikirlərini bölüşüblər. Sonra "Hilal star" brendinin təqdimatı olub. Birulduzlu "Hilal star" "Turan" restoranına verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...