Milli Yaylaq Festivalında öz çadırını qur

Qədimdən yaz aylarından başlayaraq elliklə yaylağa hazırlıq görülər, ailələr ehtiyacdan artıq qalan pendir, yağ, yun, taxıl və s. satıb, hər şeydən əvvəl uşaqlar üçün paltar alar, şəkər, düyü, çay, sabun, neft, lampa piltəsi tədarük edərdilər. Köç hazırlığı görən hər ailə yola ərzaq toplaya ərişdə kəsər, qovut çəkərdilər.
Baş keçələri, dəyələrin, alaçıqların yanpalazları, qapılıqlar, nəmi örtükləri nəzərdən keçirilər, cırılmış yerləri yamanar, yaramayan nimdaşları isə təzəsiilə əvəz edilərdi. Çətən çubuqları təmir olunardı. Dağ çiçəkləri, şəfalı dərman otları üçün torbalar tikilərdi. Yağ qarınları qurud, motal, yığıntı üçün xüsusi dəri ehtiyatları görülərdi. Bu zaman uşaqlar da unudulmazdı. Ailənin əziz körpələri, yaxud da aranda qalan qohum-əqrabanın körpələri üçün də dağ sovqatı hazırlanardı. Körpə quzu qarnına və qoyun dərisinin ayaq qunclarına yağ, körpələr üçün ən qiymətli hədiyyə isə pendir sayılardı. Yaylaq tədarükü içərisində ayran torbası hazırlamaq, yığıntı dərisi tədarük etmək xüsusi peşəkarlıq tələb edərdi.
Qədimdən Gəncəbasar camaatı elliklə yaxın yaylaqlara çıxardı. Mal-qoyun, köç arabaları mənzil başına üç günə çatardı.
Yaylağa köç etmədən əvvəl ağsaqqallardan hansı gün səfərə çıxmağın daha münasib olması barədə məsləhət alardılar. Əvvəl qoyun-quzu, mal-qara sürüləri yola düşər, qoyun sürülərini, mal-qaranı yaylağa salamat və itkisiz aparmaq üçün ayaqdan yüngül, qeyrətli çobanlarla yanaşı, nəslin ağsaqqal və dünya görmüş qocaları da köçü müşayət edərdi.
"Cavad xan" Tarix və Mədəniyyət Fondu, TİKA, Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu qədim ənənəyə yenidən start verilib.
Artıq bütün ellər Gədəbəyin Düzyurd -Miskinli yaylağına köç etməyə başlayıblar. Əgər siz də Düzyurd -Miskinli yaylağında öz yurdunuzu qurmaq istəyirsinizsə bizə müraciət edin.

Qeydiyyat üçün:
http://myf.az/yurd.html

Bütün xəbərlər Facebook səhifəmizdə