HÜSEYN CAVİDİN EV MUZEYİNDƏ ƏRTOĞROL CAVİDƏ AİD EKSPONATLAR

Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin nakam bir ömür yaşamış və erkən həyatdan köçmüş oğlu Ərtoğrol Cavid 1919-cu il oktyabr ayının 22-də dünyaya göz açmışdır. Ərtoğrol ictimai həyatın çox mürəkkəb və ziddiyyətli bir dövründə yaradıcılığa başlamış, bir çox musiqi əsərləri bəstələmiş, araşdırmalar aparmış, özündən sonra böyük və zəngin ədəbi irs yadigar qoymuşdur. Onun ədəbi irsi zəngin olduğu qədər də, rəngarəngdir. Ərtoğrolun istedadlı musiqişünas, dramaturq, tərcüməçi, şair və rəssam kimi fəaliyyət göstərməsində, dünyagörüşünün formalaşmasında Hüseyn Cavid bir ata və bir müəllim kimi əsas rol oynamışdır. Lakin repressiya illərində dahi Cavidə qarşı olan qadağalar, haqsızlıqlar Ərtoğrol Cavidə də tətbiq olunmuş və bu səbəbdən, uzun müddət onun ədəbi irsi elimi-tədqiqatdan kənarda qalmışdır.

Məhz xalqımızın qeyrətli oğlu, Ümummilli Lider Heydər Əliyevin Cavidlər ailəsinə olan böyük məhəbbəti, diqqət və qayğısı nəticəsində, Hüseyn Cavidin adı və ədəbi irsi yenidən diqqəti cəlb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, 1981-ci ilin iyul ayında imzaladığı “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” tarixi qərarından, Turan Cavidin təbirincə desək, “Hüseyn Cavidə verilmiş əsl bəraət”dən sonra istər Hüseyn Cavidin, istərsə də Ərtoğrolun ədəbi-bədii irsinin öyrənilməsinə başlanıldı. Bundan sonra Bakı və Naxçıvan şəhərlərində yaradılmış Hüseyn Cavidin ev-muzeylərinin ekspozisiyalarında Ərtoğrol Cavidə həsr edilmiş guşələr yaradıldı, bu guşələrdə ona məxsus olan əşyalar, sənədlər, əlyazmalar, fotoşəkillər və musiqi əsərlərinin not yazıları nümayiş olundu. Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyinin fondunda bugünədək şair-dramaturqa və onun ailə üzvlərinə aid 9500-ə yaxın eksponat toplanmışdır. Bu eksponatlardan 227-si ədibin dünyadan vaxtsız köçmüş istedadlı oğlu Ərtoğtol Cavidlə bağlıdır.

Muzeyin zəngin fondunda Ərtoğrol Cavidin Nizami Gəncəvinin sözlərinə yazdığı “Sevgili yar gəlmiş idi”, Kəminənin (türkmən şairi) sözlərinə yazdığı “Leylanın vəsfi”, Tahir Rasizadənin sözlərinə yazdığı “Səninlə olaydım”, Nigar Rəfibəylinin sözlərinə yazdığı “Eşq olsun” romanslarının, Abbas Səhhətin sözlərinə bəstələdiyi “Quşlar” mahnısının, anası Mişkinaz Cavidə ithaf etdiyi “Naxçıvan mənzərələri” musiqi lövhəsinin, Azərbaycan xalq mahnıları əsasında yazdığı “Üç prelüd”, “Batabat yaylaqlarında” və “Sonata” adlı əsərlərinin not yazılarının surətləri qorunur. Muzeydə nümayiş olunan eksponatlar arasında uzun illər Ərtoğrol Cavid yaradıcılığı ilə məşğul olan bəstəkar Rəşid Şəfəq tərəfindən tərtib edilmiş, 1991-ci ildə nəşr olunmuş “9 variasiya – fortepiano üçün” və 1998-ci ildə nəşr olunmuş Ərtoğrol Cavidin əsərlərindən ibarət “Musiqi albomu”nu da göstərmək olar. Ərtoğrol Cavidə Azərbaycan Dövlət Pedaqoji İnstitutu tərəfindən verilmiş fərqlənmə diplomu, qiymət kitabçası, xasiyyətnamə, professor Bülbül tərəfindən 29 mart 1943-cü ildə verilmiş arayış və digər sənədlər isə, muzey fondunun sənədlər bölməsində saxlanılır.

“Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri, mərhum Sevda Cəfərovanın muzeyə hədiyyə etdiyi Ərtoğrol Cavidin 14 rəsm əsərinin surətləri də muzeyin fondunda qorunur. Ərtoğrol Cavidin yaratdığı “Antik heykəl”, “Skripka çalan qız”, “Qadın portreti”, “Natürmord”, “ Qızıl güllər” “Ağlayan uşaq”, “Abbasmirzə Şərifzadə “İblis” və “Şeyx Sənan” rollarında”, “Hüseyn Cavid”, “Mişkinaz Cavid”, “Şekspir”, “Bethoven” və “Gürcü kinoaktrisası Nata Varnadzenin portreti” adlı rəsm əsərləri muzeyin qiymətli eksponatlarındandır. Peşəkar rəssam qələmi ilə yaradılmış bu əsərlər Ərtoğrol Cavidin rəsm yaradıcılığı ilə məşğul olan tədqiqatçıların daim diqqət mərkəzindədir.

Bütün bunlarla yanaşı, muzeyin foto-neqativ bölməsində də Ərtoğrol Cavidlə bağlı maraqlı fotoşəkillər vardır. Bu fotoşəkillərin böyük bir qismi muzeyin fondunda mühafizə olunur, bəziləri isə muzeyin ekspozisiyasında sərgilənir. Bunların içərisində Ərtoğrolun ailə üzvləri ilə Bakıda, Barjomidə çəkdirdiyi 1922, 1925, 1928 və 1936-cı illərə aid fotoşəkilləri, Turan Cavidin Naxçıvan qəbiristanlığında Ərtoğrolun qəbrini ziyarət edərkən çəkdirdiyi fotoşəkillər, Ərtoğrolun məzarının Naxçıvan qəbiristanlığından “Hüseyn Cavid” məqbərəsinə köçürülməsinə aid fotoşəkillər və 1943-cü ilin 14 oktyabrında Ərtoğrol vəfat edərkən lentə alınmış nadir fotoşəkil muzeyin qiymətli eksponatlarındandır.

Ərtoğrol Cavid tanınmış rəssam və heykəltəraşlarımızın da daim diqqət mərkəzində olmuşdur. Xalq rəssamı, heykəltəraş Ömər Eldarov Ərtoğrolun gipsdən hazırladığı büstünü və əvvəllər Hüseyn Cavidin Bakı şəhərindəki ev-muzeyində tərtibatçı-rəssam işləmiş Afaq xanım Kərimova batika üsulu ilə çəkdiyi “Ərtoğrol Cavid” adlı əsərini ev-muzeyinə hədiyyə etmişlər.

Tədqiqatçı alimlərin və yazıçıların Ərtoğrol Cavidə həsr etdikləri kitablar, onun haqqında yazılan müxtəlif səpkili məqalələrin nəşr olunduğu qəzet və jurnallar da muzeyin fondunda mühafizə olunur. Onların içərisində cavidşünas Azər Turanın tərtib etdiyi “Ərtoğrul Cavid – yazıları, rəsmləri, bəstələri, məktubları”, Solmaz Həşimova Ərturanın “Ərtoğrol Cavid şəxsiyyəti və irsi”, Həsənalı Eyvazlının “Ərtoğrol Cavid, yaxud bir ailənin dramı” kitabları xüsusi maraq doğurur. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Böyük sənətkarın sənətkar oğlu”, Naçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin “Ərtoğrol Cavidin pedaqoji görüşləri”, Rübabə Şirinovanın “Aşıq Şirinin söylədiyi Kərəm dastanı”, ev-muzeyinin elmi işçisi Könül Qasımovanın “Yarımçıq qalmış arzular”, musiqişünas Leyla Əlimərdanovanın “Ərtoğrol Cavid ömrü”, filologiya üzrə fəlsəfə doktoru Solmaz Həşimovanın “Ərtoğrol Cavid – şair, rəssam, bəstəkar” və bu kimi maraqlı məqalələrin dərc olunduğu qəzet və jurnallar da muzeyin fonduna daxil edilmişdir. Cavidşünas Azər Turanın muzeyə təqdim etdiyi, Ərtoğrol Cavidin hərbi xidmət illərində – 1942-ci ilin 28 fevralından başlayaraq, 1943-cü ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi hospitalından və Naxçıvandan Bakıya, anası Mişkinaz Cavidə və bacısı Turan Cavidə yazdığı 71 məktubu da muzeyin dəyərli eksponatlarındandır.

Hüseyn Cavidin Bakı şəhərindəki ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı 13 cilddə tərtib edilmiş “Azərbaycan qeyri maddi-mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabını son illərdə muzeyə hədiyyə etmişdir. Bu cildlərdə Ərtoğrol Cavidin həm də mükəmməl bir folklorşünas olduğu görünür. Kitabda Ərtoğrol Cavidin topladığı toy mahnı və nəğmələri, Azərbaycanın bir çox bölgələrinin toy adətləri, həmçinin holavar, ağı, bayatı, nağıl və dastanlar yer almışdır.

Muzeyin və digər mədəni-maarif müəssisələrinin, ali və orta ixtisas təhsil ocaqlarının Ərtoğrol Cavidə həsr etdikləri müxtəlif tədbirlərin dəvətnamələri, afişa, proqram və ssenarilər də ev-muzeyinin fonduna daxil edilmişdir. Ərtoğrol Cavidlə bağlı toplanmış bütün bu eksponatlar əsasında muzeydə yaradıcılıq işləri aparılıb və “Hüseyn Cavidin ev-muzeyində Ərtoğrol Cavidə aid eksponatlar” adlı kataloq tərtib edilib.

Qısa, lakin mənalı ömründə zəngin bədii-elmi irs qoyub gedən Ərtoğrol Cavidin bu gün olduğu kimi tanıdılması, təbliğ olunması onun şəxsiyyətinə sonsuz sevginin ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 18 aprel tarixli Sərəncamı isə bu istiqamətdə görülən işlərin məntiqi davamı kimi diqqəti cəlb edir. İnanırıq ki, Sərəncamın işığında Ərtoğrol Cavidin yaradıcılığı daha ciddi araşdırılacaq və onun ədəbi portreti, şəxsiyyəti gənc nəslə vətənpərvərlik nümunəsi kimi təqdim olunacaqdır.

Bəhruz AXUNDOV,

Hüseyn Cavidin Ev Muzeyi

və Xatirə Kompleksinin direktoru,

Naxçıvan Muxtar Respublikasının

Əməkdar mədəniyyət işçisi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...