Bu il ölkəmizin mədəni həyatında ən mötəbər beynəlxalq hadisə iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasıdır. Dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatılacağı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, eyni zamanda, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. SİA-nın məlumatına görə, əcnəbi qonaqlara ölkəmizin mədəni palitrası barədə dolğun məlumat vermək məqsədilə nəşr edilən “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan xüsusi buraxılışı da Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub.

Jurnalda UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısındakı 11 nümunənin hər biri haqqında rus və ingilisdilli oxuculara məlumat verilir. Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisinin üz qabığında ənənəvi olaraq görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyası verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə