“Azərbaycan-UNESCO münasibətlərinin inkişafında ölkə rəhbərliyinin əvəzsiz xidmətləri var” - AÇIQLAMA

“Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir. Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətləri var”. SİA-nın məlumatına görə, bu fikirləri Forumda çıxış edən nazir Əbülfəs Qarayev bildirib.

O, əlavə edib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib: “Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Dünya İrs Konvensiyasına uyğun olaraq Dünya İrsi Siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən mindən çox abidə daxildir. Dünya İrsi Mülkiyyətinin daha səmərəli qorunmasına nail olmaq üçün Dünya İrsi Abidə Menecerləri Forumu böyük önəm daşıyır. Bu forum yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində başlayıb və artıq üçüncü dəfədir keçirilir”.

Qeyd edək ki, səkkiz gün ərzində davam edəcək forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın şəxs iştirakı edir. Abidə menecerləri bu tədbir günləri ərzində bir sıra iclaslarda və yığıncaqlarda iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə