Şəki teatrında yeni tamaşaya ictimai baxış olub

Şəki Dövlət Dram Teatrında Molyerin və Mixail Bulqakovun "Xəstəliklər xəstəsi və ya yaşasın teatr" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub. Əsas mövzusu savadsız və bacarıqsız həkimlər olan bu komediya Molyerin ən son əsəri, eyni zamanda, ən son rol aldığı tamaşasıdır. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Sahib Əhmədli, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Şəkidə peşəkar teatrın yaradılmasının 140 illiyi münasibətilə səhnələşdirilən bu tamaşa həm də bütün ömrünü teatra həsr edən sənətkarlara ithaf olunub. Əsərin əsas qəhrəmanını, yəni, Molyerin özünün ifa etdiyi Arqan obrazını Əməkdar artist Xanlar Həşimzadə canlandırıb. Tamaşada, həmçinin Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Xəyal Salahov, Lalə Məmmədova, Nərmin Abbasova, Fərahim Fətəliyev, Rəşad Rüstəmov, Pərviz İsmayılov, Fidan Lətifova və başqaları çıxış ediblər. Şəki teatrında yubiley tədbirləri ilboyu davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə