"Qrup hazırda yaradıcılıq işləri aparır" - Layihə

Azərbaycan Yazıçılar Birliyinin üzvi, nəğməkar şair Cəlal Qurbanovun “Yaşa, yaşa, Azərbaycan!” layihəsinin təqdimatının bu ilin sentyabrında reallaşacağı gözlənilir. Hazırda yaradıcı qrup həmin layihə üzərində yaradıcılıq işləri aparır.

Onun şeirləri Vətən haqqında yazılan ən yaxşı nəğmələrdir. Cəlal Qurbanovun poetik təxəyyülündən süzülən həmin misralarda vətənin həm dünəni var, həm də sabahı. Bəlkə də 10 yaşında əlinə qələm alıb ilk şeirini yazanda onun heç ağlına belə gəlməzdi ki, vaxt gələcək bu misralar nəğməyə çevrilib dodaqdan-dodağa, dildən-dilə düşəcək, el-el, oba-oba bütün məmləkəti dolaşacaq. “Körpələrin səsi”, “Sən Azərbaycanlısan”, “Zəfərə doğru”, “Qarabağın səsi”, “Say Hallelujah”, “Əsgər marşı” və digər möhtəşəm, yaddaqalan layihələri ilə milyonların sevimlisinə çevrilən Cəlal Qurbanov həm də şeirləri ilə əsl vətəndaşlıq mövqeyini, Vətən, torpaq sevgisini insanlarla bölüşür. Onun şeirləri əsasında hazırlanan bu layihələr minləri, milyonları bir araya gətirir. Həmin layihələrdə torpaq itkisi ilə barışa bilməyən, onu yağı tapdağından azad etməyə hər an hazır olan cəsur Vətən oğlunun şücaəti, qəhrəmanlığı, dözümü, mübarizəsi ilə yanaşı, həm də müharibələrə son qoyulmasını arzulayan sülhsevər bir çağırış boy göstərir. Son günlər ifa olunan onun “Yaşa, yaşa, Azərbaycan!” şeirinə Rauf Məmmədovun bəstələdiyi musiqi möhtəşəmliyi ilə daha çox diqqəti cəlb edir. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş “Yaşıl Teatr” Bakı Konsert Kompleksində təqdim olunan “Fire Land Production”un yeni ərsəyə gətirdiyi əsər gecəyə təşrif gətirənlərə sanki bir himn təsiri bağışladı. Ölkənin aparıcı telekanallarında yayımlanan bu konsert proqramında təqdim olunan “Yaşa, yaşa, Azərbaycan!” mahnısı bu gün dillər əzbərinə çevrilib...

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...