Nəsimi rayonunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olundu

Nəsimi rayon İcra Hakimiyyətində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə iştirak edən Nəsimi rayon ictimaiyyət nümayəndələri Cabir Novruz Mədəniyyət Fondunun üzvləri ilə birlikdə ilk öncə Cəfər Cabbarlının abidəsini ziyarət edərək abidənin önünə əklil qoydular.

Daha sonra rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə çıxış edən Nəsimi rayon İcra hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını diqqətə çatdırdı. Bildirdi ki, ədibin 120 illik yubileyinin keçirilməsi Cəfər Cabbarlı yaradıcılığına yenidən nəzər salmağa və yeni baxış bucağı altında araşdırmağa yol açacaq. Şairin milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışan Asif Əsgərov vurğuladı ki, dramaturgiyanın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb. Ədibin milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirməsindən, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynamasından danışdı.

Tədbirdə çıxış edənlər – filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və digərləri görkəmli yazıçının zəngin yaradıcılığından söhbət açıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışdılar. Tədbirdə xalq artisti Azər Zeynalov, əməkdar artist Firuz Səxavət, tanınmış müğənni Nadir Qafarzadə və Şahin İsmayılov görkəmli şairin sözlərinə bəslənmiş mahnıları ifa etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...