Bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb FOTOLAR

Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatı ümumtəhsil məktəblərinin şagirdləri arasında Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsi keçirib. Rayon Mədəniyyət Evində təşkil olunan müsabiqədə 100 şagird iştirak edib. SİA-nın verdiyi məlumata görə, YAP rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan edildiyini xatırladıb. Vurğulayıb ki, bu Sərəncam dövlət başçısının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi böyük dəyərin daha bir nümunəsidir. "Nəsimi ili" çərçivəsində milli-mənəvi dəyərlər silsiləsinin Nəsimi irsi bütün platformalarda müzakirə edilir və rəngarəng tədbirlər keçirilir.

Sonra münsiflər heyətinin iştirakı ilə şagirdlərin çıxışları dinlənilib.

Münsiflər heyətinin üzvləri müsabiqə iştirakçılarının çıxışlarını qiymətləndiriblər.

Şəhər 3 saylı tam orta məktəbin şagirdi Sahilə Abdullayeva birinci, şəhər 1 saylı tam orta məktəbin şagirdi Təranə Heydərova ikinci, Atakişili kənd tam orta məktəbin şagirdi Natəvan Kərimova üçüncü yerə layiq görülüb. Onlar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qaliblər YAP rayon təşkilatı tərəfindən fəxri fərmanla və hədiyyələrlə mükafatlandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə