Turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Malayziya ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq əlaqələri genişlənir. Ölkəmizin Malayziyadakı səfirliyinin bu ölkənin turizm şirkətləri ilə keçirdiyi görüşlər və apardığı danışıqlar nəticəsində Azərbaycana bu dost ölkədən gələn turistlərin sayı ilbəil artır.

SİA-nın məlumatına görə, Kuala-Lumpurda yerləşən “GM Travel House” şirkəti ilə aparılan danışıqlar nəticəsində Malayziyanın 220 turizm şirkəti tərəfindən hər birində 44 nəfər olmaqla 5 qrupun bu turizm mövsümündə Azərbaycana səfəri barədə razılıq əldə edilib. Bildirilir ki, həmin şirkətlərə Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən layihələr, müasir turizm infrastrukturunun yaradılması istiqamətində görülən işlər barədə ətraflı məlumatlar, nəşr məhsulları çatdırılıb. Həmin nəşrlərdə ölkəmizin tarixi abidələri, müasir tikililəri, qədim mədəniyyəti, zəngin mətbəxi və görməli yerləri barədə informasiyalar öz əksini tapıb. Aparılan təbliğat və təşviqat işləri öz müsbət nəticəsini verib. Digər tərəfdən, əvvəlki illərdə Malayziyadan ölkəmizə təşkil edilən turizm turlarının uğurlu təşkili barədə məlumatlar da bu işdə mühüm rol oynayıb.

Bundan əlavə, Azərbaycanda təşkil edilən çoxsaylı idman yarışları, beynəlxalq tədbirlər ilə əlaqədar Malayziyada ölkəmizə olan maraq həddindən artıq çoxalıb. Səfirliyə Azərbaycana turizm turlarının təşkili ilə bağlı müraciətlərin sayının artmasında bu məsələ mühüm rol oynayır. Malay turistləri Qafqazı, xüsusən onun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanı yaxından tanımaq istəyirlər. Ölkəmizdəki ictimai-siyasi sabitlik onlara bu niyyətlərini rahatlıqla reallaşdırmağa imkan verir.

Bütün xəbərlər Facebook səhifəmizdə