"Milli Qurtuluş Günü xalqın taleyində böyük əhəmiyyət daşıyır"

"Milli Qurtuluş Günü xalqımızın taleyində böyük əhəmiyyət daşıyan bir gündür. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhtəşəm mübarizə tarixidir". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

O, əlavə edib ki, mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var: "Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz ümummilli liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər. Ulu Öndər Azərbaycan mədəniyyətinin və mənəviyyatının himayədarı idi. Həyatımızın bütün sahələrində unudulmaz liderimizin elə qüdrətli və əzəmətli yadigarları var ki, zaman ötdükcə dahi şəxsiyyətin müqəddəs xatirəsi önündə ehtiramla baş əyir, əvəzsiz xidmətləri qarşısında heyrətimizi, məhəbbətimizi bildirməyi özümüzə borc bilirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...