"Aşıq Pəri məclisi bu sənətin inkişafına mühüm töhfə verib" - Münasibət

"Aşıq Pəri məclisinin yaranmasının 35 illiyinin ölkə miqyasında geniş qeyd olunur. 1984-cü ildə Xalq şairi Hüseyn Arif və Narınc Xatın belə bir məclisin ərsəyə gəlməsini qərara alıblar. İllər boyu onun başında unudulmaz sənətkarımız Narınc Xatın dayanıb. Lakin Hüseyn Arifin də, Zəlmxan Yaqubun da diqqəti daim bu məclisin üzərində olub. Məclisdə çox böyük istedadlar yetişiblər. Belə ki, qadın aşıqlığı əski çağlara bağlı qaynaqlara söykənir. Bir çox dastanlarda kişilərlə bərabər meydanda olan qadın aşıqlar onlarla deyişirlər". SİA-nın məlumatına görə, bu sözləri Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bildirib.

O, əlavə edib ki, XX yüzillikdə aşıq sənətinin görkəmli simaları olub: "Onlardan biri də maralyanlı Aşıq Pəridir. Hətta Borçalıdan, Göyçədən, Gəncəbasardan istedadlı aşıqlar da meydana çıxıblar. Onların arasında SSRİ Yazıçılar İttifaqının üzvü, Naxçıvandan yetişərək aşıq sənətini SSRİ miqyasında təqdim və təbliğ edən Aşıq Nabat Cavadovanı xüsusi qeyd etmək lazımdır. Narınc Xatının başında durduğu Aşıq Pəri məclisi bu sənətin inkişafına mühüm töhfə verib. Aşıq Pəri məclisi indiyədək onlarla istedadlı el şairi, saz ifaçısı yetişdirib. Onların arasında Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyeva da var. Son illər bu sənətin inkişafında Narınc Xatından sonra Gülarə Azaflının da mühüm xidmətləri var. O da bir çox istedadlar yetişdirib. Onların arasında Pərvanə Zəngəzurlunun dəyərli işləri bu gün də göz qabağındadır. O, Aşıq Pəri məclisinin nüfuzunu qaldırıb, Gürcüstandan Turkiyəyə qədər bu məclisi geniş təbliğ edib".

Bütün xəbərlər Facebook səhifəmizdə