Rəsul Rza Mükafatı təqdim olunub - TƏDBİR

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olunub. Hər il görkəmli Xalq şairi Rəsul Rzanın doğum günü ərəfəsində təqdim olunan Rəsul Rza Mükafatı Beynəlxalq Rəsul Rza Fondu tərəfindən təsis edilib. SİA-nın məlumatına görə, tədbiri Fondun sədri, AYB-in birinci katibi, Xalq şairi Fikrət Qoca açaraq mükafat haqqında ətraflı məlumat verib. Sonra mükafata layiq görülmüş laureatlar bir-bir elan edilib. İlk mükafat Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təqdim olunub.

İsa Həbibbəyli Rəsul Rza yaradıcılığı haqqında çıxış edərək bu mükafatın onun üçün olduqca dəyərli olduğunu vurğulayıb.

Xalq rəssamı Arif Hüseynov, tənqidçi, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid, tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, AYB Qarabağ Bölməsinin sədri, şair, professor Ənvər Əhməd, şair Maşallah Məftun, şair Tahir Taisoğlu, şair Etibar Vəliyev Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüblər.

Laureatlar Azərbaycan poeziyasının görkəmli siması Rəsul Rza yaradıcılığı haqqında fikirlərini bölüşdükdən sonra Fondun rəhbərliyinə təşəkkürlərini bildiriblər. Özbəkistan şairi Babaxan Şərifin mükafatı şair, tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgərə təqdim edilib.

Tədbirdə filologiya elmləri doktoru, naşir Nadir Məmmədliyə Bəxtiyar Vahabzadə mükafatı təqdim olunub.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bütün mükafat alan qələm adamlarını təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə