"“Saray məclisi” olduqca gözəl bir layihədir" - ÖZƏL- FOTOLAR

Xəbər verdiyimiz kimi ilk dəfə olaraq Şirvanşahlar Saray Kompleksində “Muzeydə muğam axşamları” adlı layihə çərçivəsində “Saray məclisi” adlı konsert proqramı təqdim edilib. SİA-nın məlumatına görə, konsert proqramı “İçərişəhər” Muzey Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Məlumat üçün bildirək ki, konser Xalq artisti Mənsum İbrahimovun ifası ilə açılıb. Xanəndəni Əməkdar artistlər- tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Kamran Kərimov müşayiət ediblər.

Konsertlə bağlı Xalq artisti Mənsim İbrahimov SİA-ya verdiyi açıqlamada qeyd edib ki, qədim, tarixi məkanlarda təşkil olunan musiqi axşamları ruhun əsl qidasıdır: "Azərbaycanın qədim tarixi, musiqi mədəniyyəti var. Bu gözəl layihə ilə muğamsevələrin bir daha görüşünə gəldik özü də qədim Şirvanşahlar Saray Kompleksində. Qədim sarayda muğamın ifa olunması insanda başqa bir hiss, saray məclisinin sehrini yaradır. İnsan ruhən əsrlər öncəsini ziyarət edir. Bu, çox gözəl hissdir. Onu da deyim ki, açıq havada və musiqini gözəl duyan insanların arasında ifa etmək çox zövqlüdür. “Saray məclisi” olduqca gözəl bir layihədir və bu layihə turistlərin də marağına səbəb olacaq. Musiqilərin belə gözəl səslənməsində Qarabağ Muğam Qrupunun üzlərinə də təşəkkür edirəm".

Qeyd edək ki, musiqili gecənin aparıcısı Əməkdar artist Rahib Azəri olub. Musiqi nömrələri arasında qonaqlar Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürovun ifasında Azərbaycan ədəbiyyatı poeziyasının incilərini dinləyərək həqiqi saray məclisinin sehrinə düşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə