Bəstəkarlıq məktəbinin böyük nümayəndəsi

Dövlət başçısının Sərəncamı ilə Arif Məlikovun xatirəsi əbədiləşdiriləcək

Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti Arif Məlikovun milli musiqimizin inkişafında xidmətləri böyük olmuşdur. 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuş sənətkar 1948-1951-ci illərdə Bakı Musiqi Texnikumunda oxumuş, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil almışdır. Əmək fəaliyyətinə 1951-1952-ci illərdə Şuşa şəhər Musiqi Məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq, burada 1966-1968-ci illərdə baş müəllim, 1968-1978-ci illərdə dosent, 1979-1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışmışdır. Yaratdığı əsərləri dünya səhnələrində ifa edilmişdir. Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməsinə yeni səhifələr yazmışdır. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb etmiş və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Belə bir sənətkarın xatirəsini əbədiləşdirmək məqsədilə, Azərbaycan Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsi qoyulacaq. Bakı şəhərindəki küçələrdən birinə bəstəkarın adı veriləcək. Bununla yanaşı, Bakı şəhərində Arif Məlikovun heykəli ucaldılacaq, paytaxtımızda yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adı veriləcək.

Qeyd edək ki, bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib, yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq, Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də, romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək, geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. "Məhəbbət əfsanəsi" baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikovun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputatı olaraq, respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.

Onun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından "Heydər Əliyev", "İstiqlal" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur.

Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Məlikovun yaratdığı əsərlər milli musiqi sənəti tariximizdə müstəsna yer tutur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə