Əbu-Dabidə turizm layihələri - FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə son bir ildə bütün dünyadan gələn səyahətçilərin diqqətini cəlb etməyə yönəlmiş bir sıra maraqlı layihələr həyata keçirilib. SİA layihələri oxuculara təqdim edir.

Mirvari axtaranlar və “Warner Bros” qəhrəmanları

Əbu-Dabinin tarixinə unudulmaz ekskurs məqsədilə şəhərin mərkəzində, dəniz sahilində yerləşən İrs kəndinə (Heritage village) baş çəkməyiniz məsləhətdir. Yeri gəlmişkən, buraya giriş sərbəstdir. Kəndin ərazisində keçmişdə səhra həyatının ənənəvi cəhətləri barədə təsəvvür yaradan qədim əşyaların zəngin kolleksiyası toplanmış muzey fəaliyyət göstərir. Eksponatlar arasında məişət əşyaları, paltar, milli kostyumlar, bəzək əşyaları və qab-qacaq var.

Lakin burada bizə ən güclü təsir bağışlayan mirvari axtaranlar peşəsinə aid atributlar oldu. Əbu-Dabidə əsrlərboyu bu işlə məşğul olublar. Mirvari axtaranların ömürləri qısa, həyat şəraiti hədsiz ağır olub. Onlar burunlarına tısbağa sümüyündən hazırlanmış sıxaclar taxaraq molyusk balıqqulağı axtarmaq üçün dənizə baş vururdular. Mirvari axtaran gənclərin uzun müddət duzlu suda olması və qan təzyiqinin daim artıb-azalması nəticəsində qısa müddətdə onların sağlamlığında problemlər yaranırdı. Ərəbistan dənizinin suyu hədsiz duzlu olduğuna görə bu gənclərin əksəriyyəti 30 yaşa çatana qədər görmə və eşitmə qabiliyyətini itirirdi. Ona görə də təəccüblü deyil ki, Əbu-Dabi tarixinin bu səhifələri kədərli irs hesab edilir.

İrs kəndində muzey ekspozisiyası ilə yanaşı, sənətkarların keramika və dulusçuluq məmulatları hazırlamalarını, şüşə üfürmələrini, dəzgahda parça toxumalarını, metal üzərində döymə, dəri məmulatlar tikilməsi və başqa işlərlə məşğul olmalarını müşahidə etmək olar. Təbii ki, burada xalq sənətinə aid müxtəlif məmulatları almaq mümkündür. İrs kəndindən dəniz sahilinə çıxaraq Əbu-Dabinin şəhər landşaftı mənzərəsini seyr etmək olar.

İndi isə haqqında çox eşitdiyimiz “World Abu Dhabi”nin tərkib hissəsi olan yeni “Warner Bros” tematik parkını öz gözlərimizlə görmək üçün Əbu-Dabinin qonşuluğunda yerləşən Yas adasına yola düşməyin vaxtıdır.

Büdcəsi bir milyard dollara bərabər olan bu park Əbu-Dabinin əyləncə kompleksləri sahəsinin lideri “Miral” şirkəti tərəfindən “Warner Bros. Entertainment” ilə birgə yaradılıb. Sahəsi 153 min kvadratmetr olan, 6 tematik zonadan ibarət örtülü kompleksdə 29 ən müasir attraksion, bütün ailə üçün interaktiv lokasiyalar və nadir canlı əyləncə şouları təqdim edilir. Mübaliğəsiz deyə bilərik ki, burada bir dam altında bütöv əyləncələr şəhəri yaradılıb.

Yəqin siz də bildiniz ki, buradakı attraksionların əksəriyyəti “Warner Bros”un məşhur filmlərinin (əsasən komikslərin) mövzusuna uyğunlaşdırılıb. Parkda çoxsaylı 3D simulyatorları kreslolarla həmahəng hərəkət edərək buraya gələnləri əyləncə prosesinə daha çox cəlb edir. Parkda əsl “Amerika yamacları” azdır və onlar hamısı örtülü pavilyonda yerləşir. Bu park həm yerli sakinlərin, həm də müxtəlif yaşlı turistlərin vaxtlarını şən keçirmələri üçün universal məkan hesab edilsə də, bizim fikrimizcə, bu park gənclər auditoriyası üçün daha münasibdir.

Parkda 6 tematik zona var: “DC Metropolis”, “Gotham City”, “Cartoon Junction”, “Bedrock”, “Dynamite Gulch” və “Warner Bros. Plaza”. Hər bir zona bənzərsiz dizaynı ilə fərqlənir və qonaqlar burada məşhur filmlərin, komikslərin və teleserialların ab-havasına düşürlər.

Tematik parkın qonaqlarını “DC” qəhrəmanları Betmen, Supermen və Möcüzə-qadın ilə, həmçinin populyar animasiya personajları Looney Tunes və Hanna-Barbera – Tom və Cerri, Skubi-Du və Flinstounlarla görüş gözləyir. Onların hər birinə bu və ya digər attraksionlar həsr edilib. Ən müasir texnologiyalar sayəsində yaranan real mühit qonaqlara unudulmaz təsir bağışlayır.

Parka gələnləri attraksionlarla yanaşı, müxtəlif kafelər, restoranlar, kino personajları üslubunda tərtib edilmiş qəlyanaltıxanalar, habelə “Warner Bros.”un məşhur suvenir məhsulları satılan dizayner mağazaları gözləyir. Bu mağazalarda təklif edilən malların bir qismi məxsusi həmin park üçün yaradılıb.

Birinci 5D su attraksionu və “Ultra hər şey daxil”

Yas adasındakı “Yas Waterworld” akvaparkı barədə sizə dəfələrlə danışmışıq. Qısaca bunu xatırladaq ki, parkın sahəsi təqribən 15 futbol meydançasının sahəsi qədərdir. Burada yerləşən 43 attraksiondan beşinin dünyada analoqu yoxdur. Bu yaxınlarda onların sırasına daha bir attraksion əlavə olunub. Sizə onun barəsində danışmaq istəyirik. Söhbət BƏƏ-də ilk “Cinesplash” 5D su attraksionundan gedir.

Bu attraksionun mahiyyəti ondan ibarətdir ki, əyinlərində çimərlik kostyumları olan qonaqlar 3D eynəklər taxaraq parkın “firma” personajlarının – Dana adlı qızcığazın, onun valideynlərinin, zalım quldurların və digər obrazların iştirakı ilə itirilmiş mirvari barədə əhvalatı böyük ekranda izləyirlər. Bu müddətdə süjetdən asılı olaraq, zaldakı kreslolar vibrasiya edir, tamaşaçıların üstünə su zərrələri çilənir. Müəyyən məqamda döşəmədən zala su daxil olur və az qala dabanlarınıza su çatır. Bütün bunlar işıq-duman və külək effektləri ilə müşayiət olunur.

Dünyada ilk olan bu futuristik akvaparkın qonaqları 6 nəfər üçün nəzərdə tutulmuş 238 metrlik hidromaqnit “tornado” su yamacında sürüşə bilərlər. Adrenalin həvəskarlarını “Bubble’s Barrel” attraksionunun 3 metrlik dalğaları gözləyir. Burada floubord və bodibord üçün dünyada ən böyük süni dalğalar təklif olunur. 550 metrlik “Bandit Bomber” yamacı su və işıq effektləri doğuran dünyada ilk “Amerika yamacı”dır. Attraksiona gələnlər su toplarından hədəflərə atəş açmaq, su bombaları atmaq və xüsusi effektlər yaratmaq, aşağıdakı tamaşaçılar isə onların üstünə su çiləmək imkanı əldə edirlər.

Parkda mirvari axtarışına həsr edilmiş ənənəvi bazar, sərgi və restoranlar da var.

Son olaraq Əbu-Dabidə “hər şey daxil” prinsipi ilə işləyən birinci “Rixos Saadiyat Island” oteli barədə danışmaq istəyirik. 2018-ci ilin sonlarında Körfəz sahilindəki Səadiyyət adasında açılmış bu kompleksin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada praktik olaraq, bütün gün ərzində kompleksin ərazisində yerləşən 10 restoran və qəlyanaltıxanada qidalanma haqqı da yaşayış dəyərinə daxildir. Qeyd edək ki, burada Türkiyə və Misirdə geniş yayılmış “Ultra hər şey daxil” (“Ultra all inclusive”) xidmət sistemi Əmirliklər üçün çox nadir hadisədir. Adi “hər şey daxil” xidmətindən fərqli olaraq burada dünya xalqlarının mətbəx nümunələri təklif olunan bir neçə restoranda yeməklərin və içkilərin keyfiyyəti daha yüksəkdir. Müsafirlərə səhər yeməyi, nahar, şam yeməyi və ikinci şam yeməyi, böyük çeşiddə şirniyyat, desertlər, müxtəlif qəlyanaltılar, habelə genişçeşidli içkilər təklif olunur. Otelin ərazisində yerləşən restoran və qəlyanaltıxanalar günün müxtəlif vaxtlarında müsafirlərə xidmət edir, menyunun və süfrəyə təqdim edilməsinin müxtəlif variantları (“İsveç stolu” və ya “a’lya kart”) təklif olunur və beləliklə, fasiləsiz kulinariya səyahəti təsəvvürü yaranır.

“Rixos Saadiyat Island” otel kompleksi şərq saray ənənələri üslubunda dəbdəbəli interyeri ilə diqqəti cəlb edir. Kompleksin ərazisində qonaqların yaşaması üçün mehmanxana korpusları və villalardan başqa bir neçə açıq hovuz, uşaq klubu, spa-mərkəz və sağlamlıq mərkəzi, akvapark, tennis kortları, müxtəlif istiqamətli bir neçə mağaza fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə