Naxçıvana üç ayda 100 minə yaxın turist gəlib

Yaradılmış müasir infrastrukturun müsbət nəticəsi olaraq, 2019-cu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 99 min 644 turist gəlib. Bu barədə Naxçıvan Muxtar Respublikası Turizm Departamentindən məlumat verilib.

Bildirilib ki, departament aprel ayında fəaliyyətini qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində qurub. Bu dövrdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisasları üzrə III kurs tələbələrinin mehmanxanalarda istehsalat təcrübəsi keçmələri təşkil olunub.

“İdeyadan başlanğıca” devizi altında layihələrin qəbul edilməsi məqsədilə Turizm Departamentində ekspert qrupu yaradılıb. Aprelin 30-da Naxçıvan Turizm İnformasiya Mərkəzində “Turizm sahəsində startapların hazırlanması” mövzusunda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Turizm Departamentinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Ağbulaq və Kükü kəndlərində hostel kimi istifadə edilə biləcək evlər müəyyənləşdirilərək təqdimatı keçirilib. Qanunvericiliyə uyğun olaraq sertifikatlar, eləcə də VÖEN-lər hazırlanıb və ev sahiblərinə təqdim olunub. Həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb, həmin evlər haqqında ümumi məlumat və fotoşəkillər sayta yerləşdirilib. Bu dövrdə Darıdağ Arsenli Su Müalicəxanasının və Naxçıvan şəhəri üzrə turist xəritəsinin hazırlanması üzrə iş aparılıb.

Mərkəz təbliğat sahəsində fəaliyyətini gücləndirib, müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılıb. Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə məlumatlar daxil olub. “Facebook” sosial şəbəkəsinə 43 məlumat daxil edilib, 9366 baxış qeydə alınıb. Həmçinin təbliğat xarakterli məlumatlar “Twitter” və “Google+” səhifələrində də yayımlanıb. Naxçıvan Muxtar Respublikasının turizm potensialı, Naxçıvanın türk-islam mədəniyyəti abidələri, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalı haqqında məlumatlar Azərbaycanın digər bölgələrində yerləşən Turizm İnformasiya mərkəzlərinə, Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlara, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə