Rasim Balayevlə görüş keçirilib- TƏDBİR-FOTOLAR

"Biz Nəsimi ilini ilk dəfə ötən əsrin 70-ci illərində hiss etdik. O zaman UNESCO-da şairin yubileyi qeyd edildi. O dövrdə Nəsimini yaxşı tanımırdılar. Onu da deyim ki, Nəsimi filmindən əvvəl mən beş filmdə yoxlamadan keçmişdim. Lakin məni rejissorlar bəyənməmişdilər. İş elə gətirdi ki, məni Nəsimi filmində baş rola dəvət edəndə inanmadım. Təsdiq olunanda isə qorxmağa başladım. Çünki epizodik rolda oynasaydım, pis alınsa da fikir verməzdilər. Amma baş rolda çəkilməyim məsuliyyətli bir iş idi".
SİA-nın məlumatına görə, bu sözləri "Nəsimi" filmində baş rolun yaradıcısı, Xalq artisti Rasim Balayev Bakı Kitab Mərkəzində pərəstişkarları ilə görüşündə deyib.
"Nəsimi filmi çox uğurlu alınıb. Həm də bu, təkcə mənim yox, bütün kollektivin uğuru idi. Sevinirəm ki, bu filmə indi də maraqla baxırlar. Nəsiminin böyüklüyü ondadır ki, o, şeirlərində insanı Allah səviyyəsinə yüksəldib. Bu böyük məna kəsb edir. Azərbaycanın klassikləri məktəblərdə, universitetlərdə geniş tədris olunmalıdır. Çünki Nəsimi, Nizami, Füzuli kimi şairlərin yazdıqlarını qavramaq asan deyil",- deyə aktyor vurğulayıb.
Aktyor onu da qeyd edib ki, bir çox xalqlar Nəsimini öz şairi kimi təbliğ edirlər. Əslində isə o, Azərbaycan şairi olmaqla yanaşı, həm də bəşəri şairdir. Nəsiminin poeziyasının fəlsəfəsi çox dərindir. O, qəzəllərini Qurana istinadən yazıb. Lakin uzun zaman onun "həqq mənəm, həqq məndədir", deməsini Allahı inkar etmək kimi dərk edirdilər. Bu da Nəsimi qəzəllərinin fəlsəfi mənasının dərk olunmamasından yaranmışdı. Əslində şair Allahın sifətlərini insanda görürdü.
Prezident İlham Əliyevin 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan etməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan R.Balayev deyib ki, xalqımıza ən böyük töhfə olan bu ildə gənclər şairi daha geniş mənada tanıyırlar.
"Mən o filmə çəkilərkən tərcüməçi, mətnşünas Əli Fəhmi ilə tez-tez görüşürdüm. O, mənə Nəsiminin qəzəllərinin fəlsəfi mənasını izah edirdi. Şeirlərin fəlsəfi mənasını açaraq deyirdi ki, Nəsimi Allah şairidir", - deyə R.Balayev sözünə davam edib.
Görüşdə Rasim Balayev Nəsiminin bir neçə qəzəlini səsləndirib. Aktyor sənətə gəlməsi, qazandığı uğurları, kinonun bugünkü vəziyyəti, bu sahədə təhsil alan gənclərin sənətə münasibəti ilə bağlı verilən sualları ətraflı cavablandırıb.
Bildirib ki, əgər Nəsimi filminin rejissoru olsaydı, yenə də baş rola özünü çəkərdi. O, belə hesab edir ki, aktyor, ilk növbədə, teatrda olmalıdır, sonra kinoya gəlməlidir. Çünki teatr aktyoru tez-tez məşqlərdə olur, rolu üzərində ciddi hazırlaşır, bir növ özünü yetişdirir. Kinoya isə hazır formada gəlir.
Rasim Balayev maraqlı görüşü təşkil etdiyinə görə Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayevaya, eləcə də görüş iştirakçılarına öz dərin təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...