“Keçmişə sənət sayahəti”- TƏDBİR-FOTOLAR

Bu gün Qobustan Milli-Tarix Bədii Qoruğunda 18 may-Beynəlxalq Muzeylər Günü münasibətilə "Keçmişə sənət səyahəti" adlı tədbir təşkil olunub.
SİA-nın məlumatına görə, tədbir Qobustan Milli-Tarix Bədii Qoruğu və A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.
Konsertdən öncə Qobustan Milli-Tarix Bədii Qoruğunun direktoru Vüqar İsayev Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən söz açıb.
Vurğulayıb ki, muzeylər günü münasibətilə bu gün bütün muzeylərdə, qoruqlarda "açıq qapı" günü elan olunub. Bununla əlaqədar, bu gün Qobustan muzeyində də turistlər üçün giriş sərbəstdir: "Bugünkü tədbirlə bağlı Kukla teatrı ilə kiçik bir səhnəcik də hazırlamışıq. Muzeyimizin qonaqlarının asudə vaxtlarının səmərəli keçirilməsi üçün konsert proqramı təşkil etmişik".
V.İsayev qeyd edib ki, Azərbaycana təşrif buyuran turistlərim çoxu Qobustan Milli-Tarix Bədii Qoruğunu ziyarət edirlər.
Onun sözlərinə görə, yanvar ayından Qobustana gələn yerli vətəndaş və xarici turistlərin ümumi sayı 40 min nəfər təşkil edib.
"Son günlər muzeyi ziyarət edənlərin sayı 1200 nəfəri ötüb. Keçən illə müqayisədə bu il böyük artım müşahidə olunur. Qoruq olaraq işlərini gərgin vəziyyətdə aparan muzey işçiləri ziyarətçilər üçün yaxşı şəraitin yaradılmasına çalışırlar", - deyə V. İsayev söyləyib.
Qoruğu ziyarətə gələn şəxslər ərazidəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı maraqlı tamaşalardan səhnəciklərə baxıb, teatrın nəzdindəki "Oyuq" teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramını izləmək imkanı qazanıblar
Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında yerli və beynəlxalq sənət müsabiqələrində mükafatlar qazanan uşaqlar çıxış ediblər.
Tədbirin təşkilində məqsəd uşaq və yeniyetmələrdə tarixi keçmişimizə maraq oyatmaq, Qobustan qoruğu ilə yaxından tanış olmaq və bu kimi məkanların tarixi-mədəni önəmini diqqətə çatdırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə