“Milli İncəsənət Muzeyi ən müasir mühafizə sistemləri ilə təmin edilib” - AÇIQLAMA

“18 may - Beynəlxalq Muzeylər Günü münasibətlə hər il bütün muzeylərdə “açıq qapı” günü təşkil olunur. Bu il də ənənəyə sadiq qalaraq bütün muzeylərdə “açıq qapı” günü təşkil olunacaq, gecə saatlarına qədər pulsuz xidmət göstərəcəklər”. SİA-nın məlumatına görə bu sözləri bu gün Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbirdə nazir Əbülfəs Qarayev deyib.

Nazir əlavə edib ki, ötən il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun təmirdən sonra istifadəyə verilib: “Bu məkan son illər ərzində bərpa və inşa edilən ən müasir avadanlıqlarla təchiz edilmiş ekspozisiyaya malikdir. Burada xüsusi bərpa laboratoriyası mövcuddur, ən müasir mühafizə sistemləri ilə təmin edilib. Muzey silsiləvi şəklində iki qədim memarlıq abidəsini birləşdirən müasir korpusdan ibarət ərazini tutur.
“Milli İncəsənət Muzeyi dünya və Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün ən uğurlu məkanlardan biridir. Burada insanlar dünya mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Sevindirici haldır ki, bu gün ölkəmizin bütün regionlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir. Bütün bunlar dövlətimizin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə