Bu gün Pantomima Teatrının 25 yaşı tamam olur

Bu gün Azərbaycan Dövlət Pantomima Teatrının yaranmasının 25 ili tamam olur. Bununla bağlı bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Pantomima Teatrının yaranmasının 25 illiyi qeyd olunacaq. Mədəniyyət Nazirliyindən SİA-ya bildirilib ki, tamaşadan əvvəl teatrın foyesində sənət ocağının 25 illik fəaliyyətinə həsr olunmuş sərgi keçiriləcək.

Qeyd edək ki, 1994-cü ildə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində “Dəli yığıncağı” Pantomima Teatr studiyası yaradılıb. 2000-ci ildə studiyaya “dövlət teatrı” statusu verilib.

25 illik fəaliyyəti dövründə teatrda müxtəlif yaş dövrünə məxsus aktyor nəsli yetişmişdir. Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Səbirə Həsənova, Solmaz Bədəlova, Leyla Atayeva və başqaları bu gün Azərbaycan teatrının istedadlı sənətçilərindəndir.

Azərbaycan Dövlət Pantomima Teatrı 35-dən artıq xarici və yerli teatr festivallarında Azərbaycan teatrını və mədəniyyətini yüksək səviyyədə təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə