Ölkəmiz UNESCO-nun Beynəlxalq Forumunda təmsil olunacaq

Mayın 15-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev UNESCO-nun mənzil-qərargahında təşkil olunacaq “Böyük Çol: onun mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forumda iştirak edəcək. SİA-nın məlumatına görə, UNESCO-nun himayədarlığı ilə təşkil olunacaq forumda 20-dən artıq ölkədən alim və mütəxəssislər iştirak edəcəkdir. Forumda əsas məqsəd türk xalqları və dövlətlərinin dünya sivilizasiyasına, universal mədəni dəyərlərin formalaşmasına verdiyi töhfələri beynəlxalq səviyyədə elmi cəhətdən müzakirə etməkdir.

Həmçinin Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini nəzərə alaraq, Forum çərçivəsində UNESCO-da böyük mütəfəkkir İmaməddin Nəsiminin anadan olmasının 650, Balasaqunlu Yusif Xas Hacibin “Kutadqu bilik” əsərinin yazılmasının 950, böyük türkoloq Əhməd Ağaoğlunun anadan olmasının 150 illik yubileyləri, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 ili beynəlxalq səviyyədə qeyd olunacaqdır.

Forumda “Mədəniyyətdən xaric gələcək ola bilərmi?” adlı məruzəsi ilə Asif Usubəliyev ölkəmizin multikulturalizm sahəsində beynəlxalq təşəbbüsləri, türk mədəniyyətinin dünya mədəni xəzinəsinə verdiyi töhfə və Nəsiminin insansevərlik motivlərinə toxunacaqdır.

Xatırladaq ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi 2016-cı ildən etibarən Beynəlxalq Türk Akademiyası (TWESCO) ilə əməkdaşlıq edərək, TWESCO-nun nəzdində yaradılmış türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə