Ümummilli Liderin xatirəsi anılıb - SƏRGİ

Bu gün Azərbaycan Milli Kitabxanasında oxucuların, kitabxana işçilərinin və Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı sərginin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə kitabxananın direktoru Kərim Tahirov Ulu Öndərin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, dövlətimizin inkişafındakı əvəzolunmaz xidmətlərindən, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində aparılan mədəniyyət siyasətindən, milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyərdən geniş söhbət açıb. Bildirilib ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.

Kərim Tahirov söyləyib ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini verib.

Diqqətə çatdırılıb ki, Ulu Öndər dörd dəfə Milli Kitabxanada olub: “Hər gəlişi zamanı bir yenilik gətirib və hər birində öz qeydləri, fikirləri olan öz şəxsi kolleksiyasından ibarət kitabları kitabxanamıza hədiyyə etməklə bir növ ziyalılar üçün çağırış edərək kitabxanaya kitab bağışlama ənənəsini yaratmışdır”.

Direktor müavinləri Ədibə İsmayılova və Mələk Xanım Hacıyeva, şöbə müdiri Səyyarə Məmmədli ictimai-siyasi və şərəfli fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətini yaradan və onun gələcək inkişaf istiqamətlərini müəyyən edən dahi şəxsiyyətin həyat və fəaliyyətindən, kitabxanaya diqqət və kitabxana işçilərinə qayğısından danışıblar.

Sonda tədbir iştirakçıları Ulu Öndərə həsr edilmiş “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev” adlı sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə