İşıqlı ömrün akkordları... - MƏQALƏ

Mir Cəlal Paşayevin tələbələrindən biri olmuş jurnalist Şəfəq Nasir Azərbaycan elmində, ədəbiyyatında və təhsilində silinməz izlər qoymuş bu unudulmaz şəxsiyyətin ömür yoluna və yaradıcılığına bir daha işıq tutub, onun həyat fəlsəfəsi barədə fikirləri paylaşıb. SİA məqaləni oxuculara təqdim edir.

O, işığı çox sevirdi, hələ uşaqlıq çağlarından qəlbində çağlayan bu sevgiyə, istəyə qovuşmaqdan, onun nuruna bələnməkdən ötrü xəyalında yaratdığı qövsi-qüzeh paklığında nurlu bir aləmə sarı yol başlamaq arzusu ilə çırpınırdı. Gözünə-könlünə saçılan o işığın yaratdığı aydınlıqda özünü elə azad və rahat hiss edirdi ki! Onun axıb gəldiyi çeşmənin gözündən bol-bol içmək, nurlanmaq, özü boyda işıq olub qaranlıqları aydınlatmaq, insanlara sevinc bəxş etmək xəyalı ilə yaşayırdı. Balaca oğlan böyüdükcə, hər kəsin ruhunda, düşüncəsində bir ziya ocağının közərməsini arzulayırdı. Bu arzunu, istəyi həyatı boyu adında, əməllərində yaşadan Allah adamı, bir ilıq aprel səhərində qos-qocaman türk yurdu Ərdəbilin Əndəlib kəndində dünyaya gələn Mir Cəlal Əli oğlu Paşayev idi. Onun gözündə-könlündə bir mayak təki daşıdığı sevginin adı isə maarif işığı idi...

Xalq şairi Mirvarid Dilbazi Mir Cəlal haqqında bir məqaləsində yazırdı: “Mən Mir Cəlal Paşayevi üç zirvənin fatehi kimi xatırlayıram: alim, pedaqoq, yazıçı. Mir Cəlal müəllim fəth etdiyi çox çətin elm zirvəsində müzəffər fateh kimi dayandı, mütəfəkkir alim kimi tanındı”. Bu, gəlişi gözəl, həm də təsadüfdən yaranan fikir deyildi. Mir Cəlal Paşayevin adı XX əsr Azərbaycan ictimai-ədəbi fikir tarixinə görkəmli yazıçı, ədəbiyyatşünas alim, pedaqoq kimi yazılıb. Onun doğulduğu, təhsil aldığı, əmək fəaliyyətinə qədəm qoyduğu ilk vaxtlardan elmi-ədəbi yaradıcılığın bir neçə qanadında özünü təsdiq etməsi, bu müqtədir şəxsiyyətin hələ işıq axtardığı uşaqlıq çağlarından qəlbində rişə atmışdı. Arzularının ilk beşiyi Əndəlibin yaddaşında yaşatdığı gözəl, füsunkar mənzərəsi, qədim Gəncənin maarif ocağının istisi, paytaxt Bakının qaynar, elmi, ictimai, ədəbi mühiti Mir Cəlalın sözün həqiqi mənasında həyatına, tərcümeyi-halına, ömür salnaməsinə özünün bənzərsiz nəqşini saldı...

Filologiya elmləri doktoru, professor, yazıçı-publisist, ədəbiyyatşünas alim, tənqidçi, pedaqoq, ictimai xadim Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatına genişəhatəli yaradıcılığı ilə xidmət göstərmiş ədəbi şəxsiyyətlərdəndir. Zəhmət dolu illərin çətinliklərinə sinə gərən və zamanın nəhrində, həyatın keşməkeşlərində bərkiyən vətəndaş alimin, ziyalının həyat yolu, irsi Azərbaycan ədəbiyyatşünaslıq elminin, ədəbi tənqidin və bədii ədəbiyyatın inkişafına özünün mükəmməl təsirini göstərib. Eləcə də ötən əsrin 30-70-ci illərində maarifçilik işığının xalqın həyatına gün təki saçması, böyük bir müəllim ordusunun yetişməsi həm də onun adı ilə bağlıdır, desək, yanılmarıq. Bu mənada görkəmli yazıçının, elm və ədəbiyyat xadiminin, pedaqoqun sənət taleyi, daim ədəbi axtarışda, yazıb-yaratmaqda keçən ömür yolu yeni nəsil üçün bir örnək olub.

Mir Cəlal həqiqət işığına, haqqa, ədalətə tapınan əməlisaleh insan olduğundan Azərbaycanın elmi, ictimai-ədəbi mühitinə səpdiyi toxumlar belə bir münbit şəraitdə günəş işığından güc alaraq boy atıb. Onun yetirmələri, tələbələri, Mir Cəlal məktəbinin müdavimləri qəlblərində və əməllərində daşıdıqları o işığın aydınlığında fəaliyyət göstəriblər. Xalqın inkişafı yolunda ömür əritmək, çoxçeşidli yaradıcılığını ədəbiyyat tariximizin yaddaşına ötürməkdə Mir Cəlalın xidmətləri həqiqətən çox böyükdür.

Mir Cəlal Paşayevin həyat yolunda atdığı ilk addımlar Gəncədən başlayıb. Atası və qardaşı ilə bu şəhərə köçdüyündən uşaqlıq, yeniyetməlik dövrü də bu qədim diyarda keçib. İbtidai sinfi burada oxuyub, 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində təhsil alıb. Müəllimlik fəaliyyətinə isə Gədəbəy yeddiillik məktəbindən başlayıb. Bir qədər burada işlədikdən sonra yenidən Gəncəyə qayıdır, şəhər məktəbində direktor vəzifəsində çalışır. Lakin o, təhsilini davam etdirmək istəyir, bu məqsədlə də 1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində təhsil alır. Onun ədəbiyyata ciddi marağı bu illərdə daha da artır. 1934-cü ildə isə “Sağlam yollarda” adlı ilk kitabı ilə ədəbiyyat ələminə qədəm qoyur. Onu da xatırladaq ki, Mir Cəlalın ədəbi yaradıcılığının formalaşmasına Gəncə ədəbi mühitinin böyük təsiri olub. Onun ilk qələm məhsulları “Qırmızı Gəncə”, “Yeni fikir”, “Hücum”, “Gənc işçi”, “Kommunist”, “İnqilab və mədəniyyət” və sonralar digər mətbu orqanlarda göründü. Ciddi, yeni və özünəməxsus mövzularla ədəbiyyata gələn Mir Cəlal müəllimin yazıçılığa olan meyli, məhəbbəti qəlbini ahənrüba kimi özünə çəkmişdi. Çünki hələ erkən yaşlarından həyatın hər üzünə bələd olması, müxtəlif xarakterli adamların həyat tərzini izləməsi və bu həyatın insanların təbiətində, vərdişində yaratdığı təbəddülatlar ədəbi yaddaşında bir tablo yaratmışdı. Mir Cəlal bu tabloda görüb-duyduqlarını təsvir etməyə, sadə insanların obrazını yaratmağa, yalanı, saxtakarlığı qılıncdan kəsərli qələmi ilə ifşa etməyə bir ehtiyac duyur, yaradıcılıq eşqilə çırpınırdı. İllər ötdükcə formalaşan, zənginləşən ədəbi yaddaşının işığında altı roman (“Dirilən adam”, “Yaşıdlarım”, “Yolumuz hayanadır”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Təzə şəhər”), 300-ə yaxın hekayə və povestləri, xeyli oçerkləri ilə böyük şöhrət qazanan Mir Cəlal mükəmməl yazıçı olduğunu ədəbi məhsulları ilə sübut etdi.

Mir Cəlalın bədii yaradıcılığında yeni insanın obrazı, onun istək və arzuları, cəmiyyətə aşıladığı əxlaqi dəyərlər böyük səriştə və ustalıqla təsvir olunub. Bunlar mütəfəkkir yazıçının, milli xarakterli hekayələr, romanlar müəllifinin bədii yaradıcılığında, ədəbi fəaliyyətində xüsusi bir səhifədir. Zənnimizcə, Mir Cəlalın yaradıcılıq yolunu böyük ömrün monoqrafiyası, salnaməsi, epopeyası adlandırmaq doğru olar.

Keçdiyi ömür yolu ilə gələcək nəslə örnək olan Mir Cəlal həyatın burulğanlarında bərkdən-boşdan çıxmış, ətrafında baş verən hadisələrə ayıq yazıçı müşahidələrilə yanaşmış, müxtəlif mövzularda yaratdığı əsərlərilə ədəbiyyat tariximizi zənginləşdirmiş ədibdir. O, çoxsaylı bədii əsərlərində xalq ruhunun, həyatının ictimai-mənəvi problemlərini açmağa çalışıb. Bunlar yazıçının bədii yaradıcılığı ilə fəth etdiyi birinci zirvədir...

Sonra Mir Cəlalın həyatının Bakı dövrü başladı. Bədii yaradıcılıqla yanaşı, elmə olan marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına gətirdi. Mir Cəlal müəllim yaradıcılığının ikinci qanadı olan elmi axtarışlarında da eyni həvəslə və böyük səylə çalışdı. “Füzulinin poetikası” adlı namizədlik işi (1940), “Azərbaycanda ədəbi məktəblər” (1947) doktorluq dissertasiyası məhz Mir Cəlalın idrakı, elmi-ədəbi-nəzəri təfəkkürünün işığında ərsəyə gətirdiyi sanballı tədqiqatlar Azərbaycan ədəbiyyatının tarixinə yazıçının, alimin töhfəsi idi. Hər iki monoqrafiya humanitar sahələrdə təhsil alan tələbələr üçün dəyərli mənbə, elmi məxəzlərdir. Mir Cəlalın bədii yaradıcılığında olduğu kimi, elmi tədqiqat əsərləri də bu gün bir çox istiqamətdən tədqiqat obyekti olaraq işlənilir. Onların hər biri ayrılıqda və ümumilikdə tədqiqat predmetidir. Bu mənada bir çox tədqiqatçı alimlər öz məqalələrində onun orijinal mövzuları ilə elmdə ilk cığır açdığını, həm də böyük vətəndaşlıq məsuliyyəti ilə ədəbiyyat tariximizə xidmət etdiyini vurğulamışlar. Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, yazıçının nəvəsi Nərgiz Paşayeva qeyd edir ki, Firidun bəy Köçərlidən sonra Azərbaycan ədəbiyyatı tarixini yazan – Nizami Gəncəvidən başlamış özünəqədərki dövrədək ədəbi şəxsiyyətləri monumental əsərlərində təqdim edən Mir Cəlal Paşayev olub. Bu və ya digər elmi-ədəbi faktlar bir çox görkəmli ədəbiyyatşünaslar, dilçilər, filosoflar tərəfindən də ictimai fikir tariximizdə öz əksini tapıb. Alimin elmi əsərləri sırasında bir neçəsinin adını xatırlatmağı vacib sanırıq: “C.Məmmədquluzadə realizmi haqqında”, “Ədəbiyyatşünaslığın əsasları”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, dörd cilddə “Seçilmiş əsərləri” və sair. Bu, fatehin fəth etdiyi ikinci zirvədir...

Mir Cəlal Paşayev Azərbaycan elmi-pedaqoji mühitində “Müəllimlər müəllimi” kimi işıqlı, nurlu bir ad alıb. Bu adı o 40 ildən çox pedaqoji fəaliyyətlə məşğul olduğuna, ən başlıcası, bu peşəyə özünün həyat təcrübəsindən topladığı çeşid-çeşid detalları, ştrixləri gətirdiyinə, onun müqəddəsliyini qoruduğuna görə qazanmışdı. Mir Cəlal Paşayev Bakı Dövlət Universitetinin filologiya və jurnalistika fakültələrində mənim də nəslim daxil olmaqla bir neçə nəslə dərs deyib. Biz həm də onun tələbələrindən dərs almışıq. O zaman müşahidə etmişdim ki, onların hər birinin hazırlıqlı olmasında, tələbə ilə davranışında, qayğıkeşliyində Mir Cəlal məktəbinin ənənələri yaşayır.

Mir Cəlal haqqında məqalə üzərində işləyərkən müəllimim barədə oxuduğum əsərləri xatırlamağa çalışdım. Onların sırasında özünün yetişdirdiyi, gələcəyinə ümid bəslədiyi tələbələrindən professor Xalid Əlimirzəyevin ustadı haqqında böyük fəxarət, qürur hissi ilə yazdığı “Mənəvi borc” kitabını qeyd etməyə bilmirəm. Bu əsərdə Xalid müəllim müqtədir şəxsiyyətin elmi, ədəbi yaradıcılığını, əsərlərinin siqlətini, ideya və məzmununu nəzəriyyəçi alim kimi xarakterizə edib. O, ustadı, müəllimi Mir Cəlal Paşayevin xarakterini bir neçə istiqamətdən açmaqla onun parlaq obrazını yaradıb. Mir Cəlal müəllimin elmi, ədəbi yaradıcılığı, pedaqoji fəaliyyəti ilə yanaşı, insani keyfiyyətləri – xeyirxahlığı, saflığı, səmimiyyəti, qətiyyəti, istedadlı insanlara dayaq durması, eləcə də yazıçının obrazı gerçəkliyin işığında elə gözəl, unikal ştrixlərlə təsvir edilib ki, buna həqiqi mənada heyrətlənməmək olmur. Xalid müəllim yazır: “Mir Cəlal müəllim məni dəfələrlə həyatın bataqlıqlarından çıxarıb. Çox işdə arxam, dayağım olub. Həmişə kürəyimdə onun isti nəfəsini hiss etmişəm, amma bütün bunların əvəzində bir dəfə də olsun ona təşəkkür etməyə, minnətdarlığımı çatdırmağa imkan verməyib. Etdiyi yaxşılıqları, göstərdiyi hamilik yardımını da özünün müəllimlik və böyüklük borcu hesab edib”. Kitabda həmin dövr, Mir Cəlal epoxasının əzəməti gözümüzün qarşısında canlanır. Bu da pedaqoq Mir Cəlalın fəth etdiyi üçüncü zirvədir...

Burada mövzu ilə səsləşdiyindən, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun müqtədir yazıçı, ədəbiyyatşünas alim, pedaqoqun həyat və yaradıcılıq yolunu işıqlandıran, özünün məziyyətləri, məna dəyəri ilə ictimai-ədəbi cəmiyyətdə böyük maraqla qarşılan “Mir Cəlal” kitab-albomuna (2 cilddə) diqqət yönəltməyi də məqsədəuyğun sayırıq. Kitab-albomda ədibin həyat və fəaliyyəti ayrıca fəsillərdə mövzular üzrə qruplaşdırılıb. “Ədəbi-nəzəri düşüncələr”, “Əbədiyaşar ümumxalq sevgisi”, “Fotosənədlər, əlyazmalar, epistolyar irs”, “Gəncədən keçən yollar”, “Həyatımda yaratdığım ən böyük əsərim – ailəmdir” və bu kimi digər mövzular Mir Cəlalın sənət dünyasını, mənəvi aləmini güzgü kimi əks etdirir.

“Həyatımda yaratdığım ən böyük əsərim – ailəmdir” – deyən Mir Cəlal ömür-gün yoldaşı, övladları ilə birgə olmaqdan böyük zövq alırdı. Buna Mir Cəlalın uzaq Novosibirskdən ömür-gün yoldaşı Püstə xanıma yazdığı bir məktub şahidlik edir: “... Gözüm balalarımızı axtarır. Qulağıma Arifin, Elmiranın səsi gəlir. Elə bilirəm bu saat Əliş səslənəcək, məni çağıracaqdır. Yəqin Hafiz yeriyir. Rəna onu tutub gəzdirir. Ailəmizin xoşbəxt saatları – axşamüstü hamımızın bir yerdə deyib-güldüyümüz yadıma düşür. Deyirəm əsl həyat, əsl səadət odur. Mən bir də o saatlara qovuşmaq, bir də balaları başıma yığıb şən uşaq səsləri şəraitində nahar eləmək, demək-gülmək həsrətilə yaşayıram”.

Mir Cəlalı hər zaman böyük sevgi, minnətdarlıq hissi ilə xatırlayan, mənəvi-əxlaqi dəyərlərini üzə çıxaran Nəriman Həsənzadə onun haqqında xatirələrində yazır: “Mir Cəlal işığı çox sevirdi. Evə gələn kimi bütün çil-çırağı yandırardı”. Bu, zahirən bir insanın həyatda vərdiş etdiyi sadə hərəkətini xatırladır. Başqa bir tərəfdən, bu vərdişi əslində Mir Cəlalın daxilən işıqlı insan olması, ictimai əhəmiyyətli hadisələrə qəlbinin işığı ilə nəzər salması kimi anlamaq, yazıçının həyat düsturu da adlandırmaq olar. Cəmi 70 ilə sığan bir ömrün, Mir Cəlal məktəbinin işığı o qədər gurdur ki, onun nurundan bundan sonra da hələ neçə-neçə nəsillərə pay çatacaq...

Şəfəq Nasir

yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə